Əbülfəz Qurbanlı
82 yaşlı baş naziri, 53 yaşlı gənclər naziri olan ölkənin hakim partiyasının gəncləri fəallaşıb. Onların fəallığı görünməz qalmayıb, “hakim gənclər” çox sürətlə gündəmə giriblər. Boz rənglə, şər-böhtan, yalanla. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin bir çox vaxtlarda səs-səmiri gəlməyib, varlıqları ilə yoxluqları bilinməyib. Uzaqbaşı "Birliyin sədri Şəmsəddin Hacıyevin qohumu filankəsdir" deyə söz-söhbət olub. Ona görə yox ki, YAP-ın gənc üzvləri olmayıb. Xeyir, YAP ölkənin hər rayonunda, büdcə təşkilatlarında, universitetlərində zorla gəncləri öz sıralarına daxil edib. Sadəcə, YAP GB həmişə hökumətin gənclər siyasətində küncdə dayanan qrup olub. Daha doğrusu, küncə qoyulmuş struktur.
Hakimiyyət daxilində digər gənclər qurumunun rəhbərləri deputat mandatı ilə mükafatlandırılsa da, yeni azərbaycançı gənclərə ögey münasibət olub. Ötən dövrdə hakimiyyətin gənclər siyasətini həyata keçirən müxtəlif qurumlar olub. 2003-cü illərə qədər Gənclər Təşkilatlarının Milli Şurası bu sahədə hakimiyyət tərəfindən önəm verilən gənclər qurumu idi. Sonradan isə bu yeri "İlhamla irəli" şüarı ilə irəliliyə bilməyən İrəli gənclər təşkilatı tutdu. Nəhayətdə, bu qurumun da fəaliyyəti sona çatdı.
Bütün bu dövrlərdə YAP GB isə önəm verilməyən, siyasi müstəvidə fərsiz görkəmli bir qurum olub. Heç zaman önə buraxılmayıb. Çox güman ki, bunun səbəbi YAP-ın mahiyyəti və hakim elitanın bu strukturu ciddiyə almaması ilə bağlıdır. Onsuz da Gənclər və İdman Nazirliyi var və bu nazirlik YAP GB-nin funksiyasını yerinə yetirir. Bəs indiki mərhələdə birdən-birə yeni azərbaycançı gənclərin fəallaşmasının - müxalifətə qarşı aktivləşməsinin səbəbi nədir? Axı bunların "Facebook" səhifələrində etdiyini trollar onsuz da edirdi.
Belə uğursuz kampaniyaya nə zərurət vardı? Səbəb hakimiyyətdaxili münasibətlərlə bağlıdır. Hakimiyyətdəki bir qanad qarşıdakı mərhələdə favoritliyini təmin etmək üçün ən müxtəlif sahələrdə güclənməyə çalışır. Bunlardan biri də gənclər sahəsidir. Bunun üçün "Facebook"-da və başqa sosial mediada müəyyən işlər görülür. Yeni səhifə və saytlar yaradılır, "zərif" metodlarla bacarıqlı gəncləri öz ətraflarına çəkməyə çalışırlar. Düşünməyin ki, iddia olunduğu kimi sistem daxili keyfiyyət dəyişiklikləri baş verir. Yox, sadəcə, qrup məqsədə çatmaq üçün gənclərdən bir vasitə kimi effektiv qaydada yararlanmaq istəyir.
Belə bir vəziyyətdə YAP GB illərdir əldən buraxdığı fürsəti fövtə verməmək üçün işə başlayıb. Bu, həmin gənclərin təşəbbüsündən daha çox hakimiyyət daxili digər qrup rəhbərliyindən gələn tapşırığa oxşayır. Başladıqları işə baxanda adam sadəcə, bunu demək istəyir: ustadına bərəkallah.
Sovet dövründə gənclər, YAP GB-nin analoqu sayıla biləcək pionerlər mənasız toplantılarda iştirakdan başqa çox vacib bir funksiyanı yerinə yetirirdilər. Onlar yaşlı adamlar üçün ağır çantaları və su daşıyırdılar, yolu keçməyə kömək edirdilər, fiziki məhdudiyyətli adamlar üçün dükanda ərzaq alırdılar. Bu, həm də təbliğat baxımından zəruri idi. Baxmayaraq ki, hakim partiya öz idarəçilik üslubunda proletariatın diktaturasına çox bənzəyir, amma onun gənc qanadı hətta bunu da bacarmır. Onlar sosial şəbəkələrin səhifəsindən nifrət, kinlə dolu bəyanatlar verir, siyasi rəqibləri ölkədən qovmağa, həbsdə çürütməyə çağırır. Trolluq edirlər. Saxta "Facebook" hesablarından boylanırlar. Saxta fotolar hazırlayıb guya ki, müxalifəti ifşa edirlər.
Bəli, yap-çılar bax, bu cür eybəcər qaydada hərəkətə keçib. YAP zatən "eybəcərlər anası"dır. Bu yazıq gənclərin özünü təsdiq, hətta avtoritar hakim partiya şərtləri daxilində siyasi fəallıq üçün yüz yolları var idi, amma yapçı gənclər üçün "trolluq" yolu seçilib. Rəhbərləri isə "gənc alimlərin 1-ci qurultayı"nda gənclərin yerini tutublar.