Araşdırmaçı jurnalist Xədicə İsmayıl "ƏSA" Teatrının dekabrın 19-da nümayiş etdirdiyi "Adamlar və siçanlar" tamaşasına buraxılmayıb.
Səbəb ölkə prezidentinin xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi Yusif Məmmədəliyevin onu tamaşada görmək istəməməsidir.
Bunu Meydan TV-yə Xədicə İsmayılın özü deyib. Deyib ki, o, tamaşaya gələndə Yusif Məmmədiliyev maşından düşürmüş. Y.Məmmədəliyev Xədicə İsmayılı görüb. Bir neçə dəqiqədən sonra teatrın işçisi onlara “Xədicə İsmayıl gəlsə, tədbir dayandırılacaq” - deyib.
“Ardınca Amerikanın Bakıdakı səfirliyinin rəsmisi əsəbi şəkildə çıxdı, nə baş verdiyini anlamadığına işarə verdi”.
Xədicə İsmayıl deyir ki, hadisə yerində köşə yazarı Zamin Hacı və hüquq müdafiəçisi Samir Kazımlı da olub, onlar da bundan sonra tamaşanı tərk ediblər.
“Sonra məlumat aldım ki, prezidentin qızı Leyla Əliyeva da tamaşaya gəlib” – deyə Xədicə İsmayıl bildirib.
“ƏSA” Teatrının aktyoru və direktoru Orxan Adıgözəl Meydan TV-yə deyib ki, tamaşaya hazırlaşdığından Xədicə İsmayılın içəriyə buraxılmaması barədə sonradan eşidib:
"Buna görə çox üzüldüm. Niyə belə olması mənim üçün qeyri-müəyyəndir. Hazırda çox yorğunam, hadisəni dərk edə bilmirəm ki, nə üçün və necə baş verib. İkinci, administrativ işlərə mən cavabdeh deyiləm, niyə belə şey olmalıdır?!"