Xədicə İsmayıl İsveç parlamentində İlham Əliyev barədə danışıb

Xədicə İsmayıl İsveç parlamentində İlham Əliyev barədə danışıb
2 Dekabr 2017
Mətni dəyiş

İsveç parlamentində “Dürüst həyat” mükafatının (Right Livelihood) laureatları ilə seminar keçirilib. Seminarda araşdırmaçı jurnalist Xədicə İsmayılova da çıxış edib.

Onun ölkədən çıxışına qadağa qoyulduğundan jurnalist internet vasitəsi ilə tədbirə qatılıb. O bildirib ki, 10-dan çox jurnalistin ölkədən çıxışına qadağa qoyulub. Bundan əlavə, 9 jurnalist həbsdədir.

Xədicə İsmayılova tədbirdə sualları cavablandırıb:

- Auditoriyaya burada olmamağınızın səbəbin açıqlaya bilərsiniz?

- Mən Xarici İşlər Nazirliyindən akkreditasiya almadan xarici media üçün çalışdığım üçün çıxışıma qadağa qoyulub.  Bu, mənim çıxışıma qadağa qoyulması ilə bağlı rəsmi göstərilən səbəbdir. Ancaq mən tək deyiləm. Onlarla digər jurnalistin ölkədən çıxmasına qadağa qoyulub. Hökumət müxtəlif səbəblər göstərir. Ancaq əsas səbəb reportyorların ölkədən çıxmasının qarşını almaqdır. Bu, bizim danışmalı olduğumuz ən böyük problem deyil. Hələ də bizim 9 jurnalistimiz Azərbaycanda həbsdə saxlanılır. Onların vəziyyəti ilə müqayisədə mənim başqa yerə gedə bilməməyim elə də önəmli deyil. Mən bizə diqqət göstərən və bizim tamamilə azad olmağımızı müdafiə edən bütün insanları qiymətləndirirəm və təşəkkür edirəm. Ancaq mən o insanlardan xahiş edirəm ki, internetə qoşula bilməyən jurnalistlərimiz ilə də danışsınlar. Çünki onlar həbsdədirlər. Hökumətin təzyiqi nəticəsində həm özlərinin, həm də ailələrinin həyatları təhlükə altındadır.

- Beynəlxalq tədbirlər Azərbaycanda azadlığın bərpasına kömək edir, yoxsa sizə təhlükə yaradır?

- Əlbəttə kömək edir. Ancaq görünür hökumət qulaq asmır. Danışıqların ardından hərəkətə keçilməlidir. Xarici təşkilatlar, xarici mətbuat və ya xarici siyasətçilər  mənim hökumətimlə jurnalistlərə, vətəndaş cəmiyyətinə qarşı olan təzyiqlər haqqında danışır. Onlar həmçinin qeyd etməlidirlər ki, azad medianın məhdudlaşdırılmasını və təzyiqləri davam etdirməklə  hökumət öz dəstəyini itirir. Bu, utancvericidir ki, bizim çıxışımıza qadağa qoyanlar Avropa ölkələrinin paytaxtlarına azad şəkildə səfərlər edirlər. Ancaq bu sual verilməlidir ki, niyə İlham Əliyev bizim tərəfimizdən xoş qarşılanır, niyə İlham Əliyev Avropalı siyasətçilər tərəfindən xoş qarşılanır? İsveç xarici işlər naziri mediaya hesabat verir. O, demokratik şəkildə seçilib. İlham Əliyev isə bunların heç birini etmir. O, ümumiyyətlə, məsuliyyət hiss etmir ki, korrupsiya  və ya korrupsiya ilə mübarizə barədə açıqlama versin. O, öz işini görmür. O, indi sadəcə oğurladığı taxtda oturub. Bu, utancvericidir ki, Avropa belə siyasətçiləri qəbul edir. Ancaq bu danışıqların ardından hərəkətə keçilməlidir. Vətəndaş cəmiyyətinə qarşı olan təzyiqlər, azad medianın  məhdudlaşdırılması qəbul edilməməlidir. Bunun üçün bizneslərinə qarşı və ya digər belə sanksiyalar tətbiq edilməlidir.

Bir az keçmişə qayıdaq. Jurnalist olmağa ilk nə vaxt qərar verdiniz və niyə?

- Bu, təsadüfən oldu. Mən bir qəzetdə tərcüməçi olaraq çalışırdım. Sonra onlar məni məqalə yazmağa yönləndirdilər. Ancaq jurnalist olmağımda ən çox rol oynayan müharibədə həyatını itirən qadın jurnalist Salatın Əsgərova idi. O, göstərdi ki, qadınlar da peşəkar ola bilər və müharibəni işıqlandırmaq üçün öz həyatlarını qurban verməyə hazırdılar. Digər mərhələ araşdırmaçı jurnalist və “Monitor” jurnalının redaktoru, öz evinin qarşısında öldürülən Elmar Hüseynovla bağlı idi. Bu hadisə 2005-ci ildə baş verib. Onun işlədiyi mövzuların içərisində əsas keçmiş prezidentin ailəsi tərəfindən korrupsiyaya yol verilməsi məsələsi idi. Bu jurnalist öldüyü üçün mən məyus oluram. O, bu sahədə tamamilə tək idi. Onu öldürməklə 7 il bu problemdən yaxa qurtarmış oldular. Çünki onun yerini dolduracaq kimsə yox idi. O, çətin mövzuları əhatə edirdi. Ancaq biz asan reportajlar hazırlayırdıq. Bu, demək olar ki, mənim araşdırmaçı jurnalist olmağa qərar verməyimdə başlıca rol oynadı. Təbii ki, bunun üçün müəyyən biliklərə ehtiyac var idi. Bir neçə il mən öz bacarıqlarımı artırmağa çalışdım. Mən OOCRP-yə və bütün müəllimlərimə təşəkkür edirəm ki, mənə öz bacarıqlarımı artırmaqda kömək etdilər. Çünki jurnalistika təkcə cəsarətdən ibarət deyil, bunun üçün müəyyən bacarıqlara da ehtiyac var.

- Siz araşdırmaya başlayanda nələri kəşf etdiniz?

- Araşdırma bankın prezidentin qızı və xanımı tərəfindən özəlləşdiriməsi haqqında idi. Biz araşdıranda gördük ki, bu, sadəcə prezidentin qızının bizneslə məşğul olmasından ibarət deyil, bankın özəlləşdirilməsi qeyri-qanuni həyata keçirilib.

Bu, ilk hekayələrimdən biri idi. Daha sonra araşdırdığımız mövzular birinci ailənin qohumlarının adına çox sayda mülkiyyətin olması idi. Məlum oldu ki, xalqın pulu prezidentin qohumlarına ötürülür. Onların qızlarına, qardaşlarına və sair. Daha sonra araşdırma etmək üçün Panama sənədlərini əldə etməli idim. Müəllimlərim mənə bunun yolunu göstərdi. Mən araşdıranda gördüm ki, prezidentin qızının adına 11 şirkət var. Onların bəziləri öz səhmlərini biznes, neft mədənləri, tikinti və ya bank sektorunda saxlayırdı. Bu araşdırmanı 2011-ci ildə etmişəm. Onda hələ Panama sənədləri nəşr olunmamışdı. Mənim əldə etdiyim Panama sənədləri çox sayda korrupsiya halının aşkarlanmasına səbəb oldu. Panamada prezidentin qızına məxsus biznes şirkətləri haqqında araşdırmamın dərc olunmasından sadəcə bir neçə gün sonra yataq otağıma kamera yerləşdirildi. Təbii ki, biz bunu sonradan öyrəndik. Bu, məni şantaj etmək üçün idi. Onlar mənə qarşı aqressiv idilər və aqressiv olmaları səbəbsiz deyildi. Çünki onların ofşor zonada çoxlu aktivləri vardı. Bunun üzə çıxarılması onları qıcıqlandırırdı. Bu, böyük cəsarət idi ki, bütün şirkətlər hər hansı bir nümayəndənin və ya qohumun yox, prezidentin qızının öz adına idi. Birinci səbəb odur ki, onlar heç kimə inanmır. Əgər siz kiminsə adına nəyisə qeydiyyatdan keçirib pul gizlədirsinizsə, o adama güvənməlisiniz. Onlar isə heç kimə inanmır. İkincisi isə onlar gözləmirdilər ki, kimsə onların biznesini aşkarlaya bilər. Bu araşdırmalar cəmiyyətə iki mesaj ötürdü. Birincisi, pul gizlədənlər anladılar ki, onların əməlləri üzə çıxarılacaq. İkinci xalq arasında belə bir mif var idi ki, prezident yaxşıdır, ətrafındakılar pis, prezidentin korrpusiyadan xəbəri yoxdur. Ancaq insanlar anladılar ki, korrupsiyanı həyata keçirən prezidentin ailə üzvləridir.

Korrupsiya yoluxucudur. O, mənim ölkəmdə qalmır. Mənim ölkəmdə baş verən korrupsiya sizin ölkənizə də gəlir. Daha çox sistemi ələ keçirir. Mənim İsveç şirkəti və onun prezidentin ailəsi ilə gizli əlaqəsi barədə araşdırmam var. Ümid edirik, ədalət daha öncə gələr. Bizim qarşımızda Özbəkistan, Misir, Zimbabve kimi örnəklər var. Orada korrupsiya üzə çıxarıldı, ancaq çox gec idi. Prezident öz mövqeyini itirdikdən və ya öləndən sonra üzə çıxdı. Ümid edirik ki, çox keçmədən və ya prezident öləndən sonra yox, daha öncə üzə çıxar. Ümid edirəm, isveçli siyasətçilər beynəlxalq ədalətin bərpası üçün əlindən gələni edər. Çünki, bu, bizim daxili işimiz deyil. Bu, həmçinin sizin ölkənizi zəhərləyir.

Meydan TV-yə danışan Xədicə İsmayılova bildirib ki, parlament üzvlərinə jurnalistlərin ölkədən çıxışına qadağa qoyanların özlərinin Avropaya sərbəst səfər etməsini çatdırıb:

“Bildirdim ki, İsveçin baş naziri gəlir deklarasiyası verir və seçilmiş siyasətçidir. İlham Əliyev gəlir deklarasiyası vermir, korrupsiya ilə mübarizə aparmır, özü korrupsionerdir, üstəlik oturduğu kürsünü də səsləri oğurlamaqla qazanıb. Onun kimi adamlara Avropada qucaq açmaq lazım deyil”.

X.İsmayılova araşdırma jurnalistikasını seçməkdə iki hadisənin ona təsir etdiyini bildirib. “Salatın Əsgərova öləndə, o, öz ölümü ilə mesaj verdi ki, Azərbaycanda qadın nəinki jurnalist ola bilər, hətta həyatını müharibəni işıqlandıranda da qurban verə bilər. Elmar Hüseynovun ölümü zamanı özümü günahkar hiss elədim, çünki onu meydanda tək qoymuşduq. Onun işini davam etdirmək üçün xüsusi qabiliyyətlər tələb olunurdu.

OCCRP-yə təşəkkür etdim ki, mənə bu qabiliyyətləri qazandırıb”.

Prezident və onun ailə üzvləri ilə bağlı apardığı araşdırmalardan söz açan jurnalist sonda bildirib ki, diktatorlar ancaq vəzifədən gedəndən və öləndən sonra onların haqqında beynəlxalq ədalət mexanizmləri işə düşür.

"Onlar vəzifədə olanda bu mexanizmləri tətbiq etmək lazımdır” - deyə, jurnalist fikrini bitirib.

Gecə saatlarında “The Right Livelihood” mükafatının təqdimatı keçiriləcək.

Xatırlatma

Sentyabrın 26-da "Nobel mükafatına alternativ" "Dürüst Həyat" mükafatının qalibləri açıqlanıb.

Azərbaycandan bu mükafata Xədicə İsmayılova layiq görülüb. Mükafat jurnalistə "cəsarət və sədaqətinə, yüksək çinli məmurların korrupsiyasını aşkara çıxaran yazılarına görə" verilib.

315 min avroluq mükafat Xədicə, Hindistandan olan insan haqları üzrə hüquqşünas Colin Gonsalves və Efiopiyayadan olan fəal Yetnebersh Nigussie arasında bərabər bölünəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun