Vaşinqtonda Rusiya səfirliyinin qarşısındakı meydana Nemtsovun adı verilə bilər

Vaşinqtonda Rusiya səfirliyinin qarşısındakı meydana Nemtsovun adı verilə bilər
7 Dekabr 2017
Mətni dəyiş

ABŞ paytaxtının bələdiyyə şurası Rusiya səfirliyinin qarşısında yerləşən meydana qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun adının verilməsi məsələsini nəzərdən keçirir.

AzadlıqRadiosu yazır ki, Nemtsovun qohumlarının apardığlı kampaniyanın nəticəsi olan bu qərar Moskvanı qıcıqlandıracaq.

Uzun müddət Nemtsovun köməkçisi olmuş Vladimir Kara-Murza şəhər şurasının dekabrın 6-da keçirilən dinləməsində deyib ki, “bu addım kiməsə acıq vermək üçün yox, böyük həmvətənimizin xatirəsini əziz tutmaq üçün atılıb”.

Keçmiş baş nazir və Rusiya prezidenti Vladimir Putinin kəskin tənqidçisi olmuş Nemtsov 2015-ci il fevralın 27-də Kreml divarlarının bir neçə metrliyində güllələnib.

Onun öldürülməsi beynəlxalq hiddətə səbəb olmuş və Kremlə qarşı çıxanların üzləşdiyi təhlükələri üzə çıxarmışdı.

Nemtsovun tərəfdarları onun öldürüldüyü yerin yaxınlığında xatirə lövhəsinin yerləşdirilməsi üçün icazə almağa çalışsalar da, Moskva rəsmiləri bu xahişləri rədd edirdilər. Buna baxmayaraq bu yerə vaxtaşırı çiçəklər qoyulur və müvəqqəti xatirə lövhələri qurulurdu. Hakimiyyət orqanları tez bir zamanda bu lövhələrui söküb aparırdılar.

İyul ayında Moskva məhkəməsi Çeçenistandan olan 5 nəfəri bu qətldə təqsirli bilərək onları uzunmüddətli həbsxana cəzalarına məhkum edib.

Nemtsovun xatirəsinin əbədiləşdirilməsi üçün bu ilin əvvəllərində respublikaçı senator Marco Rubio təşəbbüs qaldırmışdı. Vaşinqtonun federal statusu Konqresə şəhərin həyatı ilə bağlı bir sıra təşəbbüslər qaldırmaq səlahiyyəti tanıyır.

Lakin həmin təşəbbüs dəstək tapmamış və fəallar şəhər bələdiyyəsinə üz tutmuşdular.

Bu ilin əvvəllərində Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu səyləri tənqid etmiş və bildirmişdi ki, ABŞ millət vəkilləri qətlə yetirlimiş siyasətçinin adı ilə “manipulyasiya” edirlər.

Şəhər bələdiyyəsi bu təşəbbüs üzrə ikinci dinləməni qarşıdan gələn həftələrdə keçirəcək və bundan sonra, 2018-ci ilin başlanğıcında məsələ rəsmi səsverməyə qoyulacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun