Vaşinqton BMT-ni İranı cəzalandırmağa çağırır

Vaşinqton BMT-ni İranı cəzalandırmağa çağırır
20 Dekabr 2017
Mətni dəyiş

ABŞ-ın səfiri Nikki Haley BMT Təhlükəsizlik Şurasını İranı “sabitsizlik yaradan davranışına” və BMT-nin silah embarqolarını pozduğuna görə cəzalandırmağa çağırıb. Rusiya isə sanksiyaları istisna edib, dialoqun gərəkdiyini vurğulayıb.

Dekabrın 19-da şurada çıxış edən Haley deyib ki, elə həmin gün Yəməndəki husi şiə yaraqlılarının Səudiyyə Ərəbistanına atdığı ballistik raket “şuradan ötrü həyəcan siqnalı olmalıdır”. Onun sözlərinə görə, bu zərbədə “İranın verdiyi silahlarla gerçəkləşdirilmiş öncəki hücumların əlamətləri olub”. “DİALOQ ALƏTLƏRİNDƏN İSTİFADƏ EDƏK ”

Ər-Riyad Səudiyyə kralı Salman-ın sarayını hədəfə almış raketi tutduğunu bildirib və bu raketi yaraqlılara verdiyinə görə İranı suçlayıb.

Şiə İranı Yəmən hökumətiylə savaşan husi yaraqlıları silahlandırmadığını bildirir.

“Bu raketlərdən birinin hədəfi vurması zaman məsələsidir. Heç nə etməsək, İran tərəfdən gələcək zorakılığı önləmək fürsətini qaçırmış olacağıq”, – Haley deyib.

Ancaq Rusiyanın BMT-dəki səfirinin müavini Vladimir Safronkov sanksiyalar məsələsini istisna edib, Təhlükəsizlik Şurasını “təhdid və sanksiya dilindən əl çəkməyə, dialoq alətlərindən istifadəyə” çağırıb.

Safronkov-un fikrincə, şura İranla “əməkdaşlıq və qarşılıqlı inamın genişləndirilməsinə” diqqət ayırmalıdır. SƏFİR MÜAVİNİ KATİBLİYİ SUÇLAYIR

Təhlükəsizlik Şurasının iclasında BMT baş katibi Antonio Guterres-in bu ay təqdim etdiyi hesabat müzakirə olunub. Hesabatda bildirilir ki, İran 2015-ci ildə dünya gücləriylə bağlanmış nüvə sazişinə əməl edir, həmin saziş Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

Ancaq hesabatda o da vurğulanır ki, Tehranın ballistik raket hazırlanmasıyla bağlı Təhlükəsizlik Şurasının çağırışına əməl etməməsi ehtimalı var. İranla Rusiya sazişin həmin bəndinin Tehrandan ötrü məcburi olmamasından israr edirlər.

Safronkov BMT katibliyini şuranın təsdiqi olmadan araşdırma aparmaq suçlayıb. Haley ötən həftə deyirdi ki, bu ilin əvvəlində Səudiyyəyə doğru atılmış raketlərin qalıqları İranın bu raketləri hazırlamasına “təkzibedilməz” sübutdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun