Ankaradan gələn xəbərlərə görə, Rusiya və Türkiyə 2,5 milyard dollarlıq kontraktı imzalayıblar.
Bu sənəd Rusiyanın Türkiyədə S-400 raket sistemləri satmasını nəzərdə tutur.
Bu saziş hələ imzalanmamışdan Qərbi narahat edirdi. Çünki Türkiyə NATO üzvüdür və havadan müdafiə sistemləri alyansın müdafiəsinə inteqrasiya oluna bilməz.
Bəzi qərb ölkələri Türkiyənin S-400 almaq niyyəti Ankaranın NATO-ya zərbəsi sayırlar. Belə ki hərbi alyansla Rusiya arasında Suriya və Ukrayna münaqişələrindən dolayı gərginlik var.
45 FAİZ AVANS KİMİ ÖDƏNİR
Rusiyanın Rostec dövlət şirkətinin rəhbəri Sergei Chemezov dekabrın 27-də “Kommersant”a müsahibəsində deyirdi ki, saziş Türkiyəyə dörd komplekt S-400 göndərilməsini nəzərdə tutur.
Chemezov-un sözlərinə görə, raket sistemlərinin Türkiyəyə göndərilməsi 2020-ci ilin martından başlamalıdır.
“Onlar kontraktın dəyərinin 45 faizini avans kimi ödəyirlər. 55 faizi də Rusiyanın ayırdığı kreditdir”, – Chemezov “Kommersant”a deyib.
Bu sistemlərin əhatə miqyası 400 kilometrdir və 30 kilometr yüksəklikdə hədəfləri vura bilər.
S-400 alınmasıyla bağlı danışıqların aparıldığını ilk dəfə sentyabrda Türkiyə prezidenti Recep Tayyip Erdogan açıqlayıb.
Rusiyayla Türkiyə Suriya münaqişəsində qarşı tərəfləri dəstəkləyirlər. 2015-ci ilin noyabrında Rusiya hərbi təyyarəsi Suriya sərhədində Türkiyə tərəfdən vurulandan sonra münasibətlər pisləşsə də, Erdogan-la rusiyalı həmkarı Vladimir Putin onları bərpa edə bilib.
Rusiya baş nazirinin müavini Dmitry Rogozin dekabrın 27-də deyib ki, Moskva tezliklə Hindistanla da S-400 sistemləriylə bağlı razılaşma imzalamaq istəyir.
Oxşar sazişin Səudiyyə Ərəbistanıyla da bağlanacağı bildirilir.