Prezident Donald Trump-ın adminsitrasiyasında cəmi 24 gün milli təhlükəsizlik müşaviri olmuş Michael Flynn FTB-yə yalan dediyini, başqa sözlərlə federal cinayət törətdiyini etiraf edib.
Michael Flynn-ə qarşı rəsmi ittihamın irəli sürülməsi, Trump-ın seçki kampaniyası ilə Rusiya arasında mümkün sövdələşməyə dair xüsusi prokuror Robert Mueller-in apardığı təhqiqatda böyük irəliləyiş sayıla bilər.
Noyabrın 30-da Vaşinqtondakı federal məhkəməyə təqdim olunmuş ittihamnamədə deyilir ki, Flynn Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla Moskvaya qarşı ABŞ sanksiyalarını müzakirə etmədiyinə dair FTB-yə “bilərəkdən” və “qəsdən” yalan məlumat verib.
Sənəddə deyilir ki, Flynn-lə Rusiya səfiri arasında söhbət 2016-cı il noyabrın 8-də, yəni Trump administrasiyasının keçid dövründə baş verib.
Təqaüddə olan ABŞ ordu generalı Flynn Barack Obamanın administrasiyasında baş kəşfiyyat rəisi işləyib.
Flynn məhkəməyə gərəkən jurnalistlərin suallarına cavab verməyib. Əvəzində vəkilləri onun adından bəyanat səsləndiriblər: “Mən etiraf edirəm ki, bu gün məhkəmədə boynuma aldığım hərəkətlər düzgün olmayıb və indi Allaha olan imanımla səhvimin düzəlməsinə çalışıram. Mənim təqsirimi etiraf etməyim və xüsusi prokurorun ofisi ilə əməkdaşlığa razılaşmağım, ailəmin və ölkəmin maraqları naminə hərəkət etmək qətiyyətimi əks etdirir”.
Trump-ın vəkili Ty Cobb-un verdiyi bəyanatda deyilir ki, Flynn-in öz təqsirini etiraf etməsi bu işlə onun özündən başqa heç kimin bağlı olduğunu göstərmir”.
Cobb-un bəyanatında daha sonra deyilir: “Bu ittihamnamədə haqqında söz açılan yalan məlumatlar Ağ Evə verilmiş yalan məlumatları əks etdirir və bunlar hələ fevral ayında Flynn-in istefası ilə nəticələnib”.
Obama-nın adminsitrasiyasında etika üzrə baş hüquqşünas olmuş Norm Eisen deyib ki, Flynn-ə qarşı irəli sürülmüş ittiham kifayət qədər yüngüldür və bu, onun müstəntiqlərlə əhəmiyyətli dərəcədə əməkdaşlıq edəcəyini göstərir.
Norm Eisen Azadlıq Radiosuna göndərdiyi e-mail-də yazır: “Reallıqda bu o deməkdir ki, o özündən daha mühüm bir şəxsə qarşı əməkdaşlıq edəcək.Təcrübədə prokurorlar vəzifəcə özünə bərabər şəxsləri və ya tabeçiliyində olanları ilişdirən şəxsin əməkdaşlığını kafi saymırlar”.
Eisen xatırladıb ki, Flynn kampaniyada və Ağ Evdə çox yüksək vəzifələr tutub.
Onun sözlərinə görə, Flynn-in ifadəsindən “Trump-ın kürəkəni Jared Kushner-ə, Trump-ın oğlu Donalda və ya vəzifə yüksəkliyinə görə onun özünə bərabər bir şəxsə, bəlkə də Trump-ın özünə qarşı istifadə edilə bilər”.
Flynn Trump-ın milli təhlükəsizlik müşaviri vəzifəsindən ötən fevralda səfir Kislyakla görüşü barədə vise-prezident Mike Pence-ə yanlış məlumat verdiyinə görə istefa edib.
Ədliyyə Nazirliyinin Mueller tərəfindən aparılan təhqiqatı Trump-ın seçki kampaniyası, onun yaxın adamları və Rusiya hökumət nümayəndələri arasında əlaqələri araşdırır.
Flynn bu işlə əlaqədar barəsində cuinayət işinə başlanan dördüncü şəxsdir. Ötən oktyabrda Trump seçki kampaniyasının keçmiş başçısı Paul Manafort və onun biznes şəriki Rick Gates-ə qarşı federal orqanlara yalan məlumat vermək ittihamı üzrə cinayət işi qaldırılıb. Trump-ın keçmiş xarici işlər müşaviri George Papadopoulos da FTB agentlərinə yalan danışdığını etiraf edib və Mueller-in təhqiqatı ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.