ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin birgə bəyanatında yeni bir fikir yoxdur və danışıqlarda irəliləyiş üçün hansısa əsaslar mövcud deyil. Bu barədə Turan-a Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
O, təəssüflə qeyd edib ki, nizamlanmada köhnə strategiya davam edir: "Yəni, danışıqların imitasiyası davam edir".
Keçmiş nazir hesab edir ki, münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlar real danışıqlar deyil.
"Belə olan halda həmsədr ölkələrin bəyanatlarının detallarına fikir vermək də düzgün deyil. Narahatedici bir məqama fikri yönəltmək istəyirəm. Verilən bəyanata ictimaiyyət tərəfindən diqqət belə yoxdur. Bu, onu göstərir ki, Azərbaycan ictimaiyyətinin böyük bir hissəsi bu danışıqlardan ciddi heç nə gözləmir. Sosial şəbəkələrdə isə bunların bəyanatlarına, sadəcə, ya zarafatla yanaşırlar, ya da pisləyirlər. Bu, təhlükəli haldır. Çünki artıq ictimaiyyət danışıqlardan ciddi heç nə gözləmirsə, deməli, gec və ya tez digər hallar meydana gələcək", - o qeyd edib.
T.Zülfiqarov həmsədr ölkələrin danışıqlarda irəliləyişə nail olunmasının məsuliyyətinin iki ölkə liderinin üzərinə qoyulmasını "gülməli tezis" kimi xarakterizə edib.
"Çünki BMT-nin qətnamələrində birmənalı göstərilir ki, Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmalıdır. Orada hər iki dövlətin eyni səviyyədə səhvləri və günahlarının olduğu göstərilməyib. BMT qətnaməsində göstərilib ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib. İşğalın qarşısını alamq üçün Azərbaycan nə etməlidir? Azərbaycan tələb edir ki, işğal olunmuş torpaqları azad olunsun. Əgər bunu fövqəldövlətlər təmin edə bilmirsə, daha doğrusu, təmin etmək istəmirsə, bu halda Azərbaycandan, Azərbaycan ictimaiyyətindən, dövlətindən və Azərbaycanın liderindən nə gözləyirlər", - o sual edib.
Keçmiş nazir aprel döyüşlərindən sonra iki ölkə prezidentinin görüşləri zamanı qəbul edilmiş qərarların yerinə yetirilmə vəziyyəti ilə bağlı həmsədr dövlətlərin bəyanatında yer alan çağırışla bağlı deyib ki, Azərbaycan tərəfi substantiv (məzmunu olan) danışıqların başlanmasını və bu substantiv danışıqlardan irəli gələn əlavə təhlükəsizlik addımlarının atılmasını tələb edib. Əsas tələb yerinə yetirilməsə, ona əlavə olan kiçik texniki tələb yerinə yetirilə bilməz. Əgər əsas məsələ həllini tapmırsa, onda təhlükəsizlik addımları nəyə lazımdır? İndiki vəziyyəti dondurmaq üçün lazımdır? Bu çox ermənipərəst bir mövqedir. Hesab edirəm ki, Azərbaycan bunlara getməməlidir", - o vurğulayıb.
T.Zülfüqarov münaqişənin siyasi həlli yollarından danışarkən deyib ki, "siyasi həll Ermənistanın işğalçı siyasətindən əl çəkməsi üçün təzyiqlərin göstərilməsi ilə mümkün ola bilər".
"Ermənistan təzyiqlər nəticəsində konstruktiv danışıqlarla torpaqları azad edə bilər. Əgər bu təzyiqlər olmasa, Ermənistanın özü və siyasi elitası heç bir konstruktiv addım atmayacaq. Bu, olmasa siyasi prosesin perspektivi yoxdur".
O, kompromisdən danışarkən deyib ki, ilk növbədə Ermənistan beynəlxalq təşkilatların, BMT-nin qətnamələrini yerinə yetirməlidir: "Azərbaycan bütün işğal olunmuş torpaqları azad edildikdən sonra Dağlıq Qarabağın statusunun müzakirəsi zamanı kompromis addımlar ata bilər. İndiki mərhələdə Azərbaycanın hər hansı kompromisi üçün əsas yoxdur. Çünki Dağlıq Qarabağ məsələsi gündəmdə deyil. Ermənistan Azərbaycanın ərazilərini işğal edib və işğal olunmuş torpaqların hamısını anneksiya etmək istəyir. Bu halda hansısa qondarma bir qurumun statusunun müzakirəsi mənasız bir məsələyə çevrilir".
Onun fiklrincə, siyasi yolla həllə nail olmaq üçün danışıqların formatı dəyişdirilməlidir. Bu, olmasa daha müharibədən başqa yol qalmır", - o qeyd edib.