Taleh Bağırov haqqında yenidən cinayət işi başlandı

Taleh Bağırov haqqında yenidən cinayət işi başlandı
26 Dekabr 2017
Mətni dəyiş

“Müsəlman Birliyi” hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırovun haqqında yeni cinayət işi başlanıb.

Bu haqda AzadlıqRadiosu-na ilahiyyatçıyla dekabrın 25-də telefonla danışmış ailə üzvləri məlumat verib.

Yaxınlarının sözlərinə görə, T.Bağırova bu dəfə CM-nin 317-2 (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsi ilə ittiham verilib. İddia olunur ki, ilahiyyatçı Kürdəxanıdakı istintaq təcridxanasından Qobustandakı həbsxanaya köçürülərkən üzərindən 7 mini kart tapılıb.

“İSLAM HƏMRƏYLİYİ İLİNİN ƏVVƏLİNDƏ... VƏ SONUNDA...”

“Məndən götürülən 7 mini kart ekspertizaya göndərilmişdi. Ekspertiza rəy verdi ki, həmin kartlarda heç bir qanunsuz material askarlanmayıb. Buna baxmayaraq, necə olursa olsun, məni yenidən şərləmək məqsədi ilə mini-kartları silah-sursat, kəsici, deşici alət kimi dəyərləndirib, yeni cinayət işi açıblar. İslam həmrəyliyi ilinin əvvəlində şərləyib, məhkum etdikləri kimi, sonunda da şərləməyə davam edirlər”, – T.Bağırov haqqındakı yeni cinayət işinə belə münasibət bildirib.

Yaxınları da deyir ki, mini kartlarda həbsxanada dinləmək üçün musiqilər olub.

T.Bağırov iyulun 28-də Qobustandakı qapalı həbsxanaya köçürülüb. Həbsxanaya gətirilən kimi onun üzərində axtarış aparılıb, üzərindən mini kartların da həmin vaxt tapıldığı iddia olunur. Qobustana gətiriləndən dərhal sonra ilahiyyatçı həbsxanada cərimə kamerasına (“kars”) salınıb.

T.Bağırov və digərlərinin iyulun 20-də «Nardaran işi» üzrə məhkəmədə baş vermiş insidentə görə cəzalandırıldığı söylənirdi. Həmin gün Bakı Apellyasiya Məhkəməsində T.Bağırov və onunla mühakimə olunan 17 nəfərin məhkəmə hökmündən verdikləri şikayətə baxılıb. Vəkillərdən sonra təqsirləndirilən şəxslər də çıxış etmək istəyiblər. Ancaq onlardan yalnız ikisi ifadə verib. Hakim təqsirləndirilən şəxsləri tam dinləmədən sözü prokurora verəndə, məhkəmə iclasında qalmaqal yaranıb. Təqsirləndirilən şəxslər Əmir Bayramovun sədrlik etdiyi hakimlər heyətinə ayaqqabılarını və əllərindəki su qablarını atıblar.

İnsidentlə əlaqədar məhkəmə yarımçıq qalıb, hamı salondan çıxarılıb. Bir neçə saat sonra vəkillərə xəbər verilib ki, Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxslər haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanmasına dair qərar çıxarıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun