Suriya üsyançıları və müxalifət qrupları Rusiyanın təklif etdiyi sülh danışıqlarında iştirak etməkdən imtina edərək, Moskvanı öz müttəfiqi olan prezident Bəşar Əsədə münaqişəyə son qoymaq üçün təzyiq göstərməməkdə ittiham edib.
Suriyanın 40 üsyançı qrupu açıqladıqları bəyanatda gələn ay keçirilməsi gözlənilən danışıqların BMT-nin başçılığı ilə prosesdən “yan keçmək” cəhdi olduğunu bildirib. 2014-cü ildən başlanan bu danışıqlarda ciddi inkişafa nail olunmayıb.
Üsyançı qruplar bildirib ki, Moskva onlardan Əsədin hakimiyyətdən getməsi tələbini geri çəkmələrini istəyib.
“Biz bunu rədd edirik və Rusiyanın suriyalılara qarşı müharibə cinayətləri törədən təcavüzkar olduğunu təsdiq edirik. Rusiya Suriya xalqının əziyyətlərinin azaldılması üçün bir addım belə atmayıb və rejimə həll istiqamətində yolda hər hansı addım atmaq üçün təzyiq göstərməyib”, üsyançı qrupların bəyanatında deyilir.
Əhrar Əl-Şəm, İslam ordusu və Azad Suriya ordusuna daxil olan bir neçə qrup BMT-nin başçılığı ilə Cenevrə prosesinə sadiq qaldıqlarını bildirib. Onlar beynəlxalq ictimaiyyəti artıq yeddinci ildir davam edən münaqişədə qan tökülməsinə son qoymağa çağırıb. Siyasi müxalif qruplar və üsyançıların nəzarətində olan ərazilərdəki hakim orqanlar da Rusiyanın təklif etdiyi danışıqlarda iştirak etməkdən imtina edib.