Kimsə "su həyat mənbəyidir" deyib. Buna bir "olaraq" feli bağlama və "qalır" xəbəri də əlavə edib Heydər Əliyevin adından yazırdılar. Uzun müddət də bu cümləni Ceyranbatan su anbarının üzərində oxuyurduq. Amma indi su həyat mənbəyi olmaqdan çıxır və getdikcə müxtəlif xəstəliklərə səbəb olur. Bakı su qıtlığı olan şəhərlərdən biridir. Ümumiyyətlə, Azərbaycan regionda məhdud su ehtiyyatına malik ölkələrdəndir. Nefti, qazı təbiət bol edib, o da xalqa qismət olmayıb. Suyumuz isə azdır, həm də təhlükəli və çirklidir. Elə bu günlərdə sosial şəbəkə istifadəçilərindən biri, Bakı sakini olan bir xanım 3 il ərzində aristonda toplanmış 4 kq daş-kəsəyin şəklini paylaşaraq yazmışdı:
""Azərsu" ilə üzü məhkəməyə sarı gedirik. Hələ də Yasamala fasiləsiz su verilmir. Bu gün iddia ərizəsinə əlavələr etmişik. Fotodakı bu torbada daş-kəsəyin çəkisi 4 kiloqramdır. Aristonun - su qızdırıcının içindən çıxıb. Üç il ərzində bir belə çınqıl yığılıbmış. Bizim içdiyimiz sudur bu. Sağlamlığımızın düşməni "Azərsu"nun suyu!!!"
[caption id="attachment_53716" align="alignnone" width="960"] Aristonun içindən çıxan 4 kg daş[/caption]Ölkədə su işinə "Azərsu" adlı nəhəng bir müəssisə baxır. Büdcədən əhalinin su təminatını yaxşılaşdırmaq məqsədilə külli miqdarda vəsait alır. Rəsmi məlumata görə, təkcə 2016-cı ildə "Azərsu" ASC-yə dövlət büdcəsindən 2,238,857 min (2 milyard 238 milyon 857 min) manat, beynəlxalq maliyyə təşkilatları tərəfindən 789,243 (789 milyon 243 min) manat məbləğində investisiya ayrılıb. Bundan əlavə, “su təchizat sisteminin inkişafı və təkmilləşdirilməsi” məqsədi ilə keçən il Dünya Bankı kimi mötəbər maliyyə qurumlarından 400 minə yaxın vəsait alıblar. Bu kreditləri xalqın belinə yükləyib, 2045-ci ilə qədər ödətdirəcəklər. Təsadüfi deyil ki, 9 il ərzində əhaliyə verilən suyun qiyməti ikiqat artaraq, 0,35 manata çatıb. Bütün bunların hamısı həm də götürülmüş kreditlərin nəticəsidir. Suyun keyfiyyəti isə düzəlmir ki, düzəlmir. "Azərsu" ASC-nin web-saytında əhaliyə verilən suyun keyfiyyəti ilə bağlı standartlar bölümündə qeyd olunur ki, “gələcəkdə "Azərsu" ASC-nin emal etdiyi içməli suyun keyfiyyət göstəricilərinin beynəlxalq standartların (Ümumdünya Səhiyyə Təşkilatı, Avropa İttifaqı) tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur”. Həmin saytda göstərilir ki, Azərbaycanda istehlakçılara verilən içməli suyun keyfiyyət göstəriciləri MDB ölkələrinin birgə qəbul etdiyi Dövlətlərarası Standarta (DÜST 2874-82) uyğun təyin edilir. "Azərsu" bəlkə də bilmir ki, Rusiyada həmin standart artıq ləğv edilib. Belə çıxır ki, içdiyimiz su nəyinki beynəlxalq, hətta qonşu Rusiyanın standartlarına da uyğun deyil.
Deməli ki, "Azərsu" dövlət və qeyri-dövlət təşkilatlarından küllü miqdarda vəsait alıb, əvəzində vətəndaşa xəstəlik paylayır. Deməli ki, su azərbaycanlılar üçün həyat mənbəyi olaraq qalmır. Əksinə, bir müddət öncə, Sumqayıtda sudan kütləvi zəhərlənmə xəbərini oxuduq. Su artıq gerçək təhlükə vasitəsinə çevrilib. Yəqin ki, hökumətimiz də bunu başa düşdüyünə görə, qayğımıza qalıb suyu fasilələrlə verir ki, ömrümüzü bir qədər uzatsın.
Belə şəraitdə həm də paytaxt Bakını tərif edib böyük paytaxtlar sırasına yazmaq məntiqsizdir. Şəhər parkla, mərmərlə, çılçıraqla, heykəllə abad olmur. Fasadları ağardıb ətrafı təmiz, ağ göstərməkdənsə insanlara təmiz su verin.