Azərbaycanda AzadlıqRadiosu-nun "azadliq.org", "Azadlıq" qəzetinin "azadliq.info", "Meydan TV"nin, "Turan TV"nin və "Azərbaycan saatı" televiziya proqramının saytlarına girişi məhdudlaşdıran məhkəmə qərarı qüvvədə saxlanıldı.
Dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsində Abiddin Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası bu haqda qərar çıxarıb.
Məhkəmə "Azadlıq" radiosu və "Azadlıq" qəzetinin apellyasiya şikayətlərinə baxıb.
Radionun nümayəndəsi Adil İsmayılov "azadliq.org"un işinə ayrıca icraatda baxılması, prokurorluğun üçüncü şəxs qismində prosesə cəlb olunması haqda vəsatətlər qaldırıb. Vəsatətlərin heç biri təmin olunmayıb.
Saytların təmsilçiləri iddiaçıdan - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Bəxtiyar Məmmədovdan işə əlavə elədikləri məqalələri hansı səbəbdən qanunazidd hesab etmələrini əsaslandırmağı istəyiblər. Məmmədov deyib ki, onlar prokurorluğun müraciəti əsasında məhkəmədə iddia qaldırıblar.