"Rüşvətə bulaşmış keyfiyyətsiz və bahalı Azərbaycan təhsili" - Əbülfəz Qurbanlı

"Rüşvətə bulaşmış keyfiyyətsiz və bahalı Azərbaycan təhsili" - Əbülfəz Qurbanlı
16 Dekabr 2017
Mətni dəyiş
Əbülfəz Qurbanlı

Cəmiyyət "lazım"ın intizarında idi, indi də təhsil nazirini gözləyir. Reformator obrazını daşıyan Mikayıl Cabbarovun "islahatları" yarımçıq qaldı və o, niyəsə Vergilər Nazirliyinə göndərildi.  Bu dəyişiklikdən sonra onun keçmiş iş yeri və kreslosu boş qalıb. Günlər keçir, yeni nazirin sərəncamından xəbər çıxmır. Arada nazir postuna bir diplomatın təyinatını oxuduq, mürəkkəbi qurumamış dezo olduğu deyildi.

Niyə yeni nazir təyin olunmur? Belə şəraitdə bizim bu vəziyyətlə bağlı ehtimalımız nə ola bilər? Bu vəzifəni icra edə biləcək uyğun kadr yoxdur.

Biz tez-tez eşidirdik ki, Azərbaycanda neft kapitalını insan kapitalına çeviriblər. Yüz faiz savadlılığın olduğu, hakimiyyətin ölkəni idarəsi üçün yetərincə kadr potensialına malik olduğu iddia olunurdu. Nəticə isə göz qabağındadır.

Əslində isə təhsilin indiki yarımcan durumu məsələnin kadr problemi olmadığını deməyə əsas verir. Ehtimal odur ki, hakimiyyət daxilində bu postla bağlı fikir ayrılığı var. Bu sadəcə, mülahizədir. Fakt deyil.

Mikayıl Cabbarov Vergilər Naziri təyin olunduqdan sonra onun təhsil sahəsində böyük, uğurlu işlər gördüyü məlum olub. Sən demə, Mikayıl müəllim təhsil sahəsində mühüm funksiyaları işə salıb: qiymətləndirmə, hesabatlılıq, modernləşdirmə, strateji planlaşdırma və s.

İddiaya görə Mikayıl Cabbarov təhsilə rəhbərlik etdikdən sonra insanlar təhsillə entuziazmla məşğul olmağa başlayıb. Təhsil brend olub. Bu cür fikirlərlə çıxış edənlər Sabirabaddakı Kamilxan, seçkidə bülleten daşıyan Əfruzə deyil. Hər gün informasiya almaq imkanı olan, ölkədəki vəziyyətdən dəqiq xəbərdar olan adamlardı. Amma nə fayda? Sanki dostlarımız gözyumulu yaşayırlar.

Biz hər il eşidirik ki, 200-dən artıq bal toplaya bilməyənlərin faizi 70-in üzərindədir. Üstəlik, bəlkə də korrupsiyaya bulaşmamış yeganə sahə - test üsülu ilə ali məktəblərə qəbul imtahanları ləğv olundu.

Son üç ilin hər birində oxuyuruq ki, yüzlərlə tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə ali təhsildən kənarda qalıblar. Tələbə təqaüdləri isə o qədər azdır ki, bunlarla nəinki təhsil haqqını ödəmək, normal qidalanmaq mümkün deyil.

Təhsil haqları demişkən. İslahatçı nazirin dövründə onlar yağışdan sonra göbələk kimi böyüməyə başladı. Dövlət universitetlərində hər il təhsil haqqının qaldırılmasını nə ilə izah etmək olar? Bəlkə, təhsilin artan keyfiyyəti ilə? Onda niyə hər il minlərlə abiturient oxumaq üçün xarici ölkələrə üz tutur? Bəlkə müəllimlərin maaşları 4-5 qat artıb? Bu doğru cavab deyil. Baxın, Bakı Dövlət Universitetində fakültədən asılı olaraq təhsil haqları 1600-4800 manat arasında dəyişir. Ümumiyyətlə, pullu təhsil alanlar minimum 1500 manat, maksimum 6500 manat illik təhsil haqqı ödəməli olurlar. Həmin qiymətlər isə ölkədəki 450 manatlıq orta əmək haqqından qat qat yüksəkdir. Bu da "pulun yoxdursa, oxuma" deməkdir.

2016-cı ildə Londonda nəşr olunan nüfuzlu "Times Higher Education" jurnalı dünya universitetlərin reytinqini açıqlayıb. Həmin reytinqdə, minədək təhsil ocaqlarının yer aldığı siyahıya Azərbaycanın heç bir universiteti düşməyib. Bəli, bahalı və keyfiyyətsiz təhsil gəncləri xaricə getməyə məcbur etdi. Sistem error verdi. İndi təsəvvür edin, bu şərtlərlə cəmiyyətə "əlaçı nazir" kimi təqdim edilən Mikayıl Cabbarovun yerinə namizəd tapılmırsa, vəziyyət həqiqətən acınacaqlıdır.

Məktəblərdə durum bundan da ağırdır. Biz dəfələrlə şahidi oluruq ki, orta məktəb müəllimi əmək haqqı az olduğu üçün deputat Hadı Rəcəblinin məsləhətinə qulaq asaraq fəhləliklə məşğul olur. Vicdanlı, ləyaqətli müəllimləri valideynlərdən "təmir pulu", "süpürgə pulu" adı ilə rüşvət yığmağa məcbur edirlər.

Təhsil təkcə yüksək imtahan nəticələri deyil. Təhsil həm də dünyagörüşü, çağdaş mədəniyyət, fəal vətəndaş deməkdir. Əvəzində nəyə şahidik? Əksər universitetlərdə fərqli fikirdə olan tələbələr izlənilir, təzyiqə məruz qalırlar. Bu prosesə kimlər cəlb olunmur? Tələbə həmkarlar, dekan müavinləri, prorektorlar mitinq keçiriləcək stadionun qarşısında çevik polis alayı ilə çiyin-çiyinə dayanıb tələbə pusur. Budur islahat?

Təhsil müəssisələrində siyasi fəaliyyət qanunvericiliklə məhdudlaşdırılıb. Amma YAP az qala bütün unversitetləri yedəyində gəzdirir.

Təsəvvür edirsiz, universitetlərdə müəllimlər sosial şəbəkələrdə tələbələrini izləyir, statuslarına, video roliklərdə çəkilişdə iştirakına görə onları sıxışdırır. Bəlkə də təhsilin demokratikləşməsi budur, bizim xəbərimiz yoxdur.

Əlbəttə, bütün bu problemlər ilk növbədə mövcud sistemlə bağlıdır. Sistem köklü dəyişikliklərə məruz qalmadıqca, ayrı-ayrı bacarıqlı fərdlərin - sistemin vintlərinin öz sahələrində uğura imza atması çətin ola bilər.

Ancaq sistemi təşkil edən fərdlərin müsbət təşəbbüsləri varsa, onları görməzliyə vurmaq ədalətsizlikdir.  Razılaşaq ki, biz ötən dövrdə - dörd ildə indiki Vergilər Nazirinin müsbət təşəbbüslərinin şahidi olmadıq. Eşitmədik ki, hansısa təhsil haqqını ödəyə bilməyən tələbəyə dəstək olub, ya da Lənkəranda dərsdən sonra fəhlə işləyən müəllimin dərs otağına daxil olub əlini sıxıb.

Az maaşla ucqar rayonlarda orta məktəblərdə həvəslə müəllimlik edən gənc pedaqoqlar istisna olmaqla, ölkənin təhsil sistemi haqda xoş nəsə demək gülüşlə qarşılanacaq.

Cəmiyyətin təqdir etdiyi müsbət nümunələr olmadıqca, kimisə "sudan duru" çıxarmaq cəhdləri "qaranlıqda işıq axtarmaq" adını almaqdan o yana keçməyəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun