Rusiyada yük maşınları yeni aksiyaya başlayır

Rusiyada yük maşınları yeni aksiyaya başlayır
15 Dekabr 2017
Mətni dəyiş

Rusiyada prezident seçkisinə 3 ay qalmış yük maşınları sürücüləri yol vergisinə etiraz aksiyasına başlayırlar.

Bu aksiya sürücülərin iki liderinin həbs, hökumətin onları “xarici agent” adlandırmasıyla eyni vaxta təsadüf edir.

Dekabrın 15-də Sibirin Çita şəhərində 30 yük maşını sürücüsü aksiyaya başlayıb, ancaq çoxu hələ qarajlardan çıxa bilmir, Moskvadan 4 min 700 kilometr şərqdə yerləşən bu regionda şaxtalı hava hökm sürür.

İKİ LİDER SAXLANIB

2015-ci ildən bəri “Rusiyanın Birləşmiş Yük Maşınları Sürücüləri” adlı qrupun üzvləri küçələrə çıxır, Platon adlı yol vergisi sisteminin tətbiqinə etiraz ediblər.

Qrup bildirir ki, bu vergi sistemi sürücülər üçün ağırdır və səmərəsizdir. Qrup oktyabrda elan etmişdi ki, dekabrın 15-dən etirazlar bərpa olunacaq.

Qeyd edək ki, bu gün Rusiyada növbəti prezident seçkisinin vaxtı açıqlanıb, səsvermə martın 18-də keçiriləcək.

Birliyin iki lideri – Andrei Bazhutin və Sergei Vladimirov dekabrın 12-də Sankt Peterburq yaxınlığında saxlanıblar, onlar sürücülük vəsiqəsi olmadan sükan arxasına əyləşməkdə suçlanıblar.

Hər ikisinə 15 sutka həbs kəsilib və bu qərarın məqsədinin də daha bir etirazı önləmək olduğu bildirilib.

“XARİCİ AGENT”

Bu arada Ədliyyə Nazirliyi bu qurumu “xarici agent” adlandırıb. Tənqidçilərin fikrincə, buna imkan verən qanundan yararlanan prezident Vladimir Putin narazıları və müxalifəti susdurur.

Medianın məlumatına görə, Çitadakı sürücülər etirazı dekabrın 25-dək davam etdirməyi planlaşdırırlar və daha çox sürücünün onlara qoşulacağına ümid edirlər.

Sürücülər yol vergisi sistemindən əlavə, benzinin bahalanmasına da etiraz səslərini ucaldırlar.

Platon sistemini tətbiq edən şirkət maqnat Arkady Rotenberg-in oğludur. O, vaxtilə Putin-in judo partnyoru olub və prezidentin yaxın müttəfiqi sayılır.

1999-cu ildən ya prezident, ya da baş nazir olmuş Putin dekabrın 6-da elan edib ki, 18 mart seçkisində namizədliyini verəcək.

Təhlilçilər onun reytinqinin yüksəkliyinin, hakimiyyət rıçaqlarını əlində saxlamasının qələbəsini indidən təmin etdiyini bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun