ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç Amerikanın Səsinə müsahibədə Azərbaycanda müstəqil medianın durumu, iqtisadi vəziyyət, ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri haqda danışıb. Fundamental siyasi-iqtisadi islahatlara ehtiyac olduğunu vurğulayan sabiq səfir geosiyasi mənzərənin sürətlə dəyişdiyini bildirib.
- Bu həftə ATƏT-in media azadlıqları üzrə nümayəndəsi Azərbaycan rəsmilərini jurnalistlərin azadlıqlarına və təhlükəsizliklərinə ziyanlı ölçülərə son qoymağa səslədi. Bu xüsusda 6 il həbs cəzasına məhkum edilmiş Əziz Orucov və jurnalist Əfqan Muxtarlının məsələsi qeyd olundu. 2017-ci il sona yaxınlaşdıqca, sizin Azərbaycanda mətbuat azadlığının vəziyyəti haqda düşüncələriniz nədir?
- Mən baş verənlərdən çox narahatam. Belə görünür ki, 2017-ci ildə mediaya basqılar intensivləşib. Söhbət burada təkcə xarici xəbər agentlikləri, yarı-müstəqil media TV təşkilatlarının ölkədəki fəaliyyətinə qoyulan məhdudiyyətlərdən getmir. Biz indi bundan da o tərəfə addımlar müşahidə edirik. Hökumət fərdi sosial media jurnalistlərini təqib edir – o adamları ki, onlar ənənəvi mediada yox, internetdə fəaliyyət göstərirlər. Bu adamlar harada olmalarından asılı olmayaraq basqılarla üzləşir. Bakıdakı rejim təkcə Azərbaycan daxilində baş verənləri söndürməklə kifayətlənmir, sərhədləri adlayır - məsələn, Gürcüstanda baş vermiş adam oğurluğu. Azərbaycandan kənarda fəaliyyət göstərən jurnalistlərə hədələr göstərir ki, vəziyyət pisləşir, yaxşılaşmır. Özünü müasirləşdirici kimi, qabaqcıl informasiya texnologiyaların həvəskarı kimi qələmə verməyə çalışan rejim həmin texnologiyalara çıxışları kəsməklə məşğuldur. Bunun Azərbaycanın daxilində və xaricində müstəqil səsləri susdurmaqdan başqa bir məqsədə xidmət etdiyini görmək çətindir.
- Ötən günlərdə Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Vaşinqtona gəlmişdi. O sentyabr ayında ABŞ Konqresinin təzyiqləri nəticəsində azad olunmuşdu. Mehman Əliyevin azadlığa çıxması bu həftə The Washington Post qəzetində dərc olunan məqalədə Azərbaycan hökumətinə ABŞ təzyiqlərinin effektiv nəticəsi kimi təqdim olunmuşdu. Sizcə, ABŞ öz imkanlarından Azərbaycan kimi yerlərdə mətbuat azadlıqlarının, siyasi azadlıqların müdafiəsi üçün nə dərəcədə effektiv istifadə edir?
- Hazrıkı məqamda bu, olduqca mühüm sualdır. Biz Tramp administrasiyasının brinci ilini yaşayırıq. Bu günlərdə adminstrasiya milli təhlükəsizlik strategiyası açıqladı. Biz təkcə tədricən Tramp adminstrasiyasının fərdi ölkələrlə necə davrancağının formasını yox, həm də media azadlıqları, insan haqları və demokratiya məsələlərinə yanaşmasını görməyə başlayırıq. Onlar fərqli davranacaqlar. Zənnimcə bu administrasiya ABŞ-ın müəyyən məsələlərdə nə deməsinin və nə etməsinin mühümlüyünü dərk edir. Sual budur ki, onlar bunu ictimai şəkildə edəcəklərmi? Konkret bu halda ABŞ Konqresi Mehman Əliyevin azadlığını tələb etdi. Başqa məsələlərə gəldikdə, mən cavabı bilmirəm. Azərbaycanda səfir olduğum dönəmdən mən bilirəm ki, ABŞ-ın dedikləri mühümdür. Biz ictimai şəkildə danışanda, narahatlığımızı ifadə edəndə, tələb edəndə, dünya bunu görür. Konkret bu halda işlədi. Lakin ortada onlarla başqa belə hal var. Təkcə ikisini ötən həftə gördük. İctimai bəyanatlar mühümdür. Azərbaycan rəsmiləri anlamalıdırlar ki, Tramp adminsitrasiyası ifadə azadlığına diqqət yetirir.
- Prezident Donald Tramp bu həftə öz adminstrasiyasının milli təhlükəsizlik strategiyasını açıqladı. Priotetlərdəki dəyişiklər ABŞ-Azərbaycan münasibətlərinə necə təsir göstərə bilər? Qarşıda hansısa dəyişikliklər gözlənilirmi?
- Əmin deyiləm ki, bu sualı cavablandıra bilərəm. Mən strategiyanı diqqətlə oxudum. Mən Bosniya-Herseqovinada, eləcə də Azərbaycanda işləmişəm. Burada baş verənlər məni maraqlandırır. Bu ölkələrdən heç birinin adı prioritet olaraq sənəddə çəkilməyib. Bakıdakı mühüm adamlar üçün fərdi situasiyalara gəldikdə, bu sənəddən hansısa nəticə çıxarmaq təhlükəli olardı. İkincisi, deyə bilərik ki, ikitərəfli müasibətlərə daha çox üstünlük veriləcək. Tramp adminstrasiyası qarşılıqlı faydalı əlaqələr arayacaq və o, beynəlxalq təşkilatara daha az arxalanacaq. “Birinci Amerika” prinsipinin necə rol oynayacağı da açıq sualdır. Ələlxüsus enerji dominatlığı məsələsinə gəldikdə, Azərbaycan buna ehtiyatla diqqət yetirməlidir. Keçmişdə ABŞ administrasiyaları Amerikanın enerji müstəqilliyinə, Avropadakı müttəfiqlərimizə dəstəyə böyük əhəmiyyət veriblər ki, onların enerji resurslarına çıxışları olsun. Bu xüsusda Azərbaycana öz resurslarını istismar etməkdə, neft boru kəmərləri inkişaf etdirməkdə kömək edilib. Bu müddəa artıq ortada yoxdur. Əgər hədəf enerji dominantlığıdırsa, onda ABŞ öz enerji ehtiyatlarının Avropa bazarındakı payını artırmağa can atacaq. Və belə olan halda sözün açığı, mümkündür ki, biz qaz bazarında Azərbaycanla rəqabətdə olaq – Rusiya ilə rəqabətdə olduğumuz kimi.
Diqqətimi cəlb edən əsas məqamlardan biri bu sənəddə ifadə azdlığı, insan haqları kimi dəyərlərin öz əksini dəfələrlə tapması idi. Mən bundan hələ ki, baş açmıram. Venezuela kimi ölkələrdə gəldikdə, biz görmüşük ki, Tramp adminstrasiyası hökumətin müxalifətə və insan haqları müdafiəçilərinə basqılarına qarşı sərt şəkildə mövqeyini ifadə edib. O, bunu Azərbaycan və başqa ölkələrdə də edəcəkmi? Hazırda bunu bilmirəm. Amma həmin terminologiyanın sənəddə yer alması göstərir ki, ikitərəfli münasibətlərdə bu, özünü necəsə büruzə verəcək. Amma indidən konkret nəsə demək tezdir.
- Qlobal neft bazarında dəyişiklik Azərbaycanın iqtisadi durumuna təsir göstərib. Ölkənin ümümdaxili məhsulu son iki ildə xeyli kiçilib. Bu durum ölkənin yaxın dönəmdəki siyasi gələcəyinə necə təsir göstərə bilər?
- Öz nitqlərində prezident İlham Əliyev və baqşa yüksək rütbəli rəsmilər iqtisadi diversifikasiyadan, neftdən asılığa son qoymaqdan, bank böhranından xeyli danışırlar. Amma indiyədək sözdən başqa ortada çox şey yoxdur. Biz neft və qaz ixracından fundamental asılılığa son qoyacaq bir əməl görməmişik. Azərbaycan OPEK-lə anlaşmasında hasilatı azaltmağa, limiti saxlamağa razılıq verib. Bu isə Azərbaycana yaxın dönəmdə əlavə gəlir qazanmağa imkan verməyəcək. Qaza gəldikdə, söhbət təkcə ABŞ-ın enerji dominantlığından yox, həm də Rusiyanın Avropanın qaz bazarındakı payını qorumaq amacından gedir. İtaliyada Trans-Adriatik boru kəmərinə qarşı etiraz aksiyaları və bu istiqamətdə üzləşilən çətinliklərin Rusiya tərəfindən həvəsləndirilməsi məni təəccübləndirməzdi.
Qısa-orta dönəmdə neft qiymətləri qalxıb və qaza təlabat artıb. Azərbaycan öz ümumdaxili məhsulunda artım görməli idi, ancaq bu, baş vermir. Mən nikbin deyiləm. Bank böhranı kifayət qədər ciddidir. Söhbət təkcə Azərbaycan Beynəxalq Bankından yox, bütövlükdə sistemdən gedir. Rəsmilər pambığa investisiya qoymaqdan danışırlar. Mən Azərbaycan hökumətinin niyə bu istiqamətə can atmasını başa düşə bilmirəm. Ölkədəki korrupsiya özəlləşdirməni əngəlləyir, iqtsadi islahatların qarşısmı alır. Mən Azərbaycanın iqtisadiyyatı ilə bağlı bədbinəm. Bunun siyasətə necə təsir göstərəcəyini demək çətindir. Mümkündür ki, daha çox siyasi repressiyalara yol açısın, yaxud Dağlıq Qarabağdakı münaqişə pisə doğru dəyişə bilər. Bunlar hamısı mümkündür, amma bunlardan hansının baş verəcəyini demək çətindir. Başqa ölkələrin nümunələri göstərir ki, iqtisadi durum çətinləşdikdə, siyasi repressiyalar güclənir. Buna misal olaraq Venesuelanı göstərmək olar.
- Mən sizdən növbəti il üçün proqnozu soruşmaq istəyirdim, amma belə görünür ki, siz elə də nikbin deyilsiniz. Təsvir etdiyiniz neqativ ssenarinin qarşısını almaq üçün Azərbaycan rəhbərliyinə tövsiyəniz nə olardı?
- İlk növbədə onlara tövsiyə edərdim ki, lobbiçilər vaistəsilə Avropada və ABŞ-da nüfuz qazanmaq üçün pul xərcləməyə son qoysunlar. Sadəcə jurnalistləri həbs etməmək bəs edər. Müxalifətdə olan insanların ailə üzvlərini təqib etməmək bəs edər. İnsanları məhkəmədə müdafiə edən vəkilləri işdən kənarlaşdırmayın. Ötən illərdə repressiyaların güclənməsinə xidmət edən əməllərə yol verməyin. Bu işlərə son qoyun! Və öz resurslarından, ötən on ildə neft və qaz satışlarında daxil olmuş 120 milyard dolları idrakla istifadə edən ölkə imici təqdim etməyə başlayın. Bu vəsaitlərdən istifadə edərək iqtisadiyyatınızı şaxələndirin, insanların rifah halını yaxşılaşdırın. Mən ələlxüsus onları iqtisadi sahədə addımlar atmağa çağırardım. Həqiqi islahatlara başlayın! Özəlləşdirmə aparın, korrupsiyanın qarşısını alın. Mən bu elektron kiosklar haqda bilirəm, ancaq bunlar aşağı səviyyəli ölçülərdir. Yuxarı səviyyədə, hazırda gedən məhkəmə işlərindən gördüyümüz kimi, korrupsiya davam edir. Söhbət Azərbaycan xalqına getməli olan milyonlardan yox, milyardlarla dollar puldan gedir ki, bunlar hazırda mühakimə edilən rəsmilərin ciblərinə axıb. Ən əsası repressiyalara son qoymaq, ifadə azadlığına imkan vermək və ciddi iqtisadi islahatlara start verməkdir, çünki neft və qaz daimi deyil. Qlobal neft bazarı sürətlə dəyişir – elə bir templə dəyişir ki, həmin sərvətlərə bel bağlamaq sağlam deyil.