Əslən İran azərbaycanlısı olan qızıl taciri Reza Zərrab ABŞ məhkəməsində verdiyi şahid ifadəsində bildirib ki, İrana ABŞ sanksiyalarından yan keçmək imkanı verən 1 milyard dollarlıq pulyuma sxeminin tranşlarından birinə Türkiyə prezidenti Recep Tayyip Erdoğan şəxsən sərəncam verib.
Zərrab bu iddiaları noyabrın 30-da Türkiyənin Halkbankının direktorlarındam Mehmet Hakan Atillanın işinə dair üçüncü dinləmədə səsləndirib.
ABŞ prokurorları Atillanı İranın neft və qaz qaçaqmalçılığından gələn pullarını ABŞ-ın bank sistemindən keçirərək yumaqda və beləliklə də Tehranın Amerika sanksiyalarından yan keçməsinə kömək etməkdə ittiham edirlər. Atilla bu ittihamları rədd edir.
Zərrab oktyabrın 2-də bank fırıldaqçılığı, çirkli pulların yuyulması və başqa ittihamlar üzrə təqsirini etiraf edərək ABŞ-ın ədliyyə sistemi ilə əməkdaşlığa başlayıb. Bu, onun müttəhimdən əsas şahidə çevrilməsinə imkan verib.
Nyu Yorkdakı federal məhkəmədə verdiyi şahid ifadələrində iranlı tacir İran hökumətinə sanksiyalara baxmayaraq Tehranın beynəlxalq bazarlardakı maliyyə fondlarından istifadə edə bilməsi üçün yüksək səviyyəli Türkiyə rəsmilərinə necə rüşvət və “pay” verməsini izah edib.
Zərrab bundan əvvəl məhkəməyə bildirmişdi ki, Türkiyənin ovaxtkı iqtisadiyyat naziri Zafer Çağlayan ona İran sxemində birbaşa Türkiyənin dövlət bankı Halkbankla işləmək imkanı yaradıb. O buna görə qazancının 50 faizini Çağlayana rüşvət verdiyini deyib.