"Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Azərbaycan Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır".
Abzas.net xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi dekabrın 7-də yaydığı məlumatda belə deyilir.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, rəsmi Bakı cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırır.
Dekabrın 6-da ABŞ prezidenti Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanıyıb. Bu qərar beynəlxalq aləmdə kəskin reaksiyalar yaradıb.
Trump bunu Yaxın Şərqdə sülh proseslərinə təkan vermək üçün "uzun zaman gecikmiş addım" kimi təsvir edib.
Qədim Qüds şəhərinin taleyi İsrail və Fələstin arasında mübahisəli məsələlərdən biridir.