Qiyas İbrahimov cəzaçəkmə müəssisəsinə köçürülüb

Qiyas İbrahimov cəzaçəkmə müəssisəsinə köçürülüb
24 Dekabr 2017
Mətni dəyiş

Həbsdə olan gənc fəal, NİDA Vətəndaş Hərəkatının üzvü, "Heykəl məhbusu" kimi tanınan Qiyas Qiyas İbrahimov 2 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb.

Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb.

Vəkil bildirib ki, Qiyas İbrahimov Yasamal Rayon Məhkəməsində gedən prosesə görə müvəqqəti olaraq Bakı İstintaq Təcridxanasına aparılmışdı.

Xatırlatma

NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da Heydər Əliyevin abidəsinin üzərində “Qul bayramınız mübarək” yazdıqdan sonra həbs olunublar. Ancaq onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər.

“Amnesty International” təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb.

Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.

Bu il iyulun 13-də Qiyas İbrahimovun atası Həsən İbrahimov İstintaq İdarəsinə çağrılıb və ona qarşı cinayət işi açıldığı bildirilib. Cinayət işi Bakı Apellyasiya Məhkəməsində Qiyas İbrahimovun işinə baxmış hakim Vüqar Məmmədovun şikayəti əsasında başlanıb.

Məhkəmədə hakim Qiyas İbrahimovun sözünü kəsəndə atası əsəbiləşərək “Ənvər Seyidovun başına gələnlər sizin də başınıza gəlsin. Balalarınızdan görəsiz…” deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun