Prokuror "Nardaran məhbusları"na cəza istəyib

Prokuror "Nardaran məhbusları"na cəza istəyib
15 Dekabr 2017
Mətni dəyiş

Bakı Ağır Cinayətlər Məhkəməsində dekabrın 15-də “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin məhkəmə prosesi davam edib.

Hakim Mayıl Bayramovun sədrlik etdiyi iclasda prokuror çıxış edib. O, Elcin Qasimovun 16 il, Aga Əli Yəhyayevin 16 il, Nahid Qəhrəmanovun 14 il, Ramil Əliyevin 14 il, Elgun Axundovun 14 il, İsa İbrahimovun 14 il, Vusal Alışın 13 il azadlıqdan məhrum edilməsini istəyib.

Adları çəkilən şəxslərin bir qismi “Müsəlman Birliyi” Hərəkatının üzvüdür. Təşkilatın sədri, ilahiyyatçı Taleh Bağırov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub.

Elçin Qasımov isə Nardaran hadisələrindən öncə - noyabrın 5-də tutulub. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılıb və 30 sutka inzibati həbs cəzası alıb. Daha sonra barəsində cinayət işi başlanıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Digərləri Cinayət Məcəlləsinin terrorçuluq, kütləvi iğtişaş, qanunsuz silah saxlama, hakimiyyəti zorla ələ keçirmə, qanunvericilikdə nəzərədə tutulmayan silahlı birləşmə yaratma, dövlət əleyhinə çağırışlar, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, xuliqanlıq, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə maddələri ilə günahlandırırlar.

Onlar ittihamı qəbul etmir və işgəncəyə məruz qaldıqlarını deyirlər.

Prokuror Fərhad Muradovun 13 il, Seymur Aslanovun 13 il, Seyfəddin Şirvanovun 13 il, Əli Şahbazovun 13 il, Əmirəli Əliyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses dekabrın 22-də vəkillərin müdafiə nitqi ilə davam edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun