Dekabrın 5-i Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal 13" internet televiziyasının direktoru Əziz Orucovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Abzas.net xəbər verir ki, məhkəmə hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilib.
İclasda prokuror çıxış edib. Dövlət ittihamçısı çıxışında Ə.Orucovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra Ə.Orucovun vəkili Cavad Cavadov müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
Növbəti məhkəmə iclası dekabrın 12-də baş tutacaq.
Xatırlatma
"Kanal 13" internet televiziyasının direktoru Əziz Orucov mayın 2-də polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 gün müddətinə həbs edilib.
Bu müddət başa çatdıqdan sonra ona qarşı CM-in 192.2.2 (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət ittihamları irəli sürülüb.
Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Jurnalist ittihamları təkzib edib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.