Nicat Nəzərli: "Sığorta şirkətləri insanları incidir, aldadır, hətta bəzən onların işsiz qalmasına səbəb olurlar"

Nicat Nəzərli: "Sığorta şirkətləri insanları incidir, aldadır, hətta bəzən onların işsiz qalmasına səbəb olurlar"
18 Dekabr 2017
Mətni dəyiş

Respublikada Sığorta şirkətlərinin fəaliyyəti, və vətəndaşlara ödənilən sığorta ödənişlərinin vəziyyətilə bağlı Vergi Ödəyicilərinin Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Nicat Nəzərovla müsahibəni təqdim edirik.

-Nicat bəy bu gün sığorta bazarında vəziyyəti necə qiymətləndirirsiz?

-Bu gün Azərbaycan sıgorta bazarında vəziyyət ürəkaçan deyil. Xüsusilə də avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası xidmətindən istifadə edən vətəndaşlar süni maneələr və süründürməçilik faktları ilə üzləşir. Bu sığorta yığımı üzrə vəsaitləri 24 şirkət oz arasında bölüşür. 2016-2017-ci illərin statistik məlumatlarına görə, respublika ərazisində bir milyon üç yüz mindən çox avtomobil qeydiyyatdadır. İcbari sığorta yiğımları şirkətlər üçün bir növ qənimətdir. İcbarı sığorta yığımlarından gələn gəlir bir neçə iri şirkət arasında bölüşdürülür. Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet saytında yerləşdirdiyi 2017-ci il yanvar oktyabr ayları üzrə sığorta yığımları 462653618,55 manat, sığorta ödənişləri isə 204637003,84 manat təşkil edir.

-Nə baş verir? Niyə vətəndaşlar sığorta odənişlərini ala bilmir və ya süründürməçiliklə üzləşir?

-Araşdırmalarımız nəticəsində məlum olur ki avtomobil qəzaları zamanı dəymiş zərər və xəsarət alan şəxslər bir çox hallarda öz hüquqlarını bilmir və ya sığorta şirkətləri tərəfindən aldadılırlar. Qəzalarda dəymiş zərərin qiymətləndirilməsi qeyri-peşəkarlıqla həyata keçirilir. Qiymətləndirmə üzrə müstəqil ekspertlərin sayı xeyli azdır və qiymətləndirmə hər bir şirkətin əməkdaşlıq etdiyi avto-servislər tərəfindən həyata keçirilir. Təbii ki, bu qeyri-obyektiv qiymərləndirmə şirkətlərin xeyrinə olur. Zədələnmiş və yararsız hissələr bir çox hallarda yenisi ilə deyil, istifadə eilmiş, ikinci əl hissələrlə hesablanır və ya təmirə yararlı kimi qiymətləndirilir. Sənədləşmə və zərərin ödənilməsində də kifayət qədər problemlər var. Zərərin düzgün hesablanmamasına etiraz edən vətəndaşlara isə təmiri oz servislərində həyata keçirmək təklif edilir. Şirkətin əməkdaşlıq etdiyi büroda təmir edilən avtomobillər uzun müddətə və keyfiyyətsiz təmir edilir.

-Belə hallarda vətəndaşlar hansı quruma müraciət etməlidirlər?

-Sığorta şirkətlərinə nəzarət edən qurumlar fəaliyyətsizdir. Bu sığorta növünün məcburi olduğunu nəzərə alsaq, nəzarətedici qurumlar vətəndaşların maarifləndirilməsində maraqlı deyil. Halbuki, Maliyyə Nazirliyi də daxil olmaqla bir neçə qurum birbaşa sığorta şirkətlərinə nəzarət edirlər. Siğorta hadisələri zamanı hüquqları pozulan vətəndaşlar üçün xüsusi ayrılmış qaynar xətt yoxdur. -Aylarla uzanan sənədləşməni Dövlət Yol polisində necə tezləşdirmək olar?

-Sənədləşmə işlərində vətəndaşlar sıgorta şirkətilə yanaşı Dövlət Yol Polisi idarəsindən alınan arayış və digər sənədlərlə də bağlı uzun müddət get-gələ salınır. Misal üçün, 4 nömrəli formanın təqdim edilməsi üçün sığorta şirkəti həmin sənədi DYP-nə poçt vasitəsilə göndərir və bu müddət 10 gün, sənədlərin toplanıb göndərilməsi də eyni qədər və daha çox vaxt tələb edir. Bu halda vətəndaş DYP-nə rüşvət verə və prosesi tezləşdirə bilər. Əslində Forma 4 qəza ilə bağlı bir neçə sənəddən ibarətdir ki, bu sənədlər hadisə baş verən gün, ən geci ertəsi gün DYP-də hazırlanır. Forma 4-ə daxil olan sənədlərə hadisənin baş verməsinin təsviri sxemi, tərəflərin izahatları, dəymiş zərər, ümumi məlumatlar və.s daxildir ki, bunların hazıranmasına bir neçə saat sərf edilir. Sıgorta şirkəti ən yaxşı halda Forma 4-ü zərərçəkmişin vasitəsilə DYP-nə göndərir. Dərhal sənədlərin toplanması və geri göndərilməsi müqabilində rüşvət tələb olunur. Bu məbləğ 50-150 manat arasında dəyişir. Bu məbləğə sürücünün əvvəllər qəza törədib-törətməməsi barədə məlumat , narkotik və spirtli içkilərin qəbulu haqqında həkim müayinəsi daxildir. Belə bir sual yaranır ki, sığorta şirkətləri niyə elektron hökumət layihəsinə qoşulmur? Əslində bu məlumatların hər biri hər iki qurumun elektron bazasında var. Süni maneələr və süründürməçilik sığorta şirkətlərinə vaxt qazandırır, vətəndaşlar isə bu müddət ərzində iş yerlərini itirirlər. Avomobillərdən daha çox istifadə edən taksi və yük daşınması fəaliyyəti ilə məşğul şəxslər olduğunu nəzərə alsaq, qəzalarda bu kateqoriyadan olanlar çoxluq təşkil edir. Bu fəaliyyətlə məşğul olanlar bir ay və daha artıq müddətdə işsiz qalması ilə nəticələnir. Hətta bir çox sığorta şirkətləri DYP-dən müvafiq sənədlər gəlmədən dəymış zərəri qiymətləndirmir, beləliklə də əlində qiymətləndirmə barədə aktı olmayan vətəndaşlar öz hesabına belə avtomobilini təmir etdirə bilmir. Bu da, vətəndaşlara dəyən zərəri xeyli artırır. -Qeyd etdiyiniz çatışmazlıqların aradan qaldırılması üçün nə təklif edirsiniz?

-Dövlətin bu sahədə ciddi islahatlar aparması vacibdir. Xüsusilə də zərərin ödənilməsi və qiymətləndirilməsi proseslərinin şəffaflaşdırılmasına, sənədlərin qısa müddətdə vahid elektron bazada toplanmasına ehtiyac var. Düşünürəm ki, bu sahədə aparılması vacib olan islahatlar eyni zamanda digər sığorta xidmətlərinə tələbi də artıracaqdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun