Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında 3 nəfər Nardaran məhbusu cərimə kamerasına salınıb.
Abzas.net xəbər verir ki, 2015-ci il noyabrın 26-da Nardaranda həyata keçirilmiş əməliyyatdan sonra həbs olunan Ağəli Yəhyayev, Seyfəddin Şirvanov və Əli Şahbazov "kars"a salınıb.
Hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində həmin 3 nəfərlə bərabər daha 8 nəfərin, eləcə də "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımovun məhkəmələri davam edir.
Vəkil Fariz Namazlı Azadlıq Radiosuna açıqlamasında bildirib ki, buna səbəb dustaqlarla nəzarətçilər arasında baş vermiş insident olub:
"Nəzarətçilərdən birinin qadının qolundan tutub dartmasına təqsirləndirilən şəxslər etiraz ediblər. Nəticədə dustaqlarla nəzarətçilər arasında mübahisə düşüb. Onlardan üçünü məhkəmədən sonra istintaq təcridxanasına aparıb birbaşa "kars"a salıblar. Onların saçını qırxıblar".
Xatırlatma
2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində güc strukturaları tərəfindən xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı iki polis əməkdaşı və daha dörd nəfər həlak olub.
Eyni tarixdə "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Hüquq müdafiəçiləri isə bu rəqəmin 87 olduğunu iddia edirlər.
Saxlanılanların bir hissəsi qanunsuz silah saxlama və iğtişaş salmaqda ittiham olunaraq, 1 il 6 aydan 6 il 6 ay müddətinə kimi azadlıqdan məhrum ediliblər.
40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Ağır cinayətlərdə ittiham olunan T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və müavini Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17 həbs alıb. Saxlanarkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev 10 il, qalan 12 nəfərin hər biri isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Nardaran hadisələri ilə bağlı "Facebook" səhifəsində qanunsuz çağırışlar etməkdə ittiham olunaraq həbs olunan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı 10 il həbs alıb.
Şərti adı "Nardaran işi-3" olan prosesdə də təqsirləndirilənlərə hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrlik etdiyi, Səbuhi Hüseynov və Azad Məcidovdan ibarət hakimlər kollegiyasının hökmü ilə 12 nəfərə ümumilikdə 160 il 9 ay həbs cəzası verilib. Ayrı-ayrılıqda Zülfüqar Mikayılov 17 il, Elman Ağayev 13 il, M.Quliyev 13 il, M.Məmmədov 12 il 3 ay, E.Bünyadov 12 il 3 ay, E.Ağayev 13 il, E.Həsənov 12 il 3 ay, F.Allahverdiyev 13 il, R.Seyfullayev 13 il, M.İbrahimov 13 il, R.İsmayılov 15 il, C.Əliyev 14 il müddətinə azadlıqdan məhrum edilib.
"Kars"a salınan dustaqlar da daxil olmaqla, daha 12 nəfərin məhkəməsi də yekunlaşmaq üzrədir. Prokuror 12 nəfərə 13 ildən 16 ilə qədər həbs cəzası istəyib.
"Nardaran məhbusları" məhkəmədə, tutularkən və ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qaldıqlarını deyiblər. Ancaq idarənin əməkdaşları məhkəmədə dindirilərkən işgəncə iddialarını təkzib ediblər.