"Müsəlman Birliyi" Hərəkatının həbsdə olan üzvü ''Bandotdel''-ə aparılıb

"Müsəlman Birliyi" Hərəkatının həbsdə olan üzvü ''Bandotdel''-ə aparılıb
13 Dekabr 2017
Mətni dəyiş

"Müsəlman Birliyi" Hərəkatının həbsdə olan üzvü Emin Əliyev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparılıb. 

Onun vəkili Fariz Namazlı bildirib ki, dekabrın 12-də müvəkkili ilə görüşmək üçün Binəqədidəki müvəqqəti saxlanma yerinə gedib:

"Qapıda dedilər ki, təcridxanada təmir işləri getdiyi üçün dustaqların bir qismi qeydiyyatda olduqları rayonlar üzrə polis idarələrinə göndərilib. Emin Əliyevlə görüşmək üçün isə mənə "Bandotdel"ə getməyi məsləhət gördülər".

Vəkil bildirir ki,  BMCMİ-yə də gedib, amma ona heç bir məlumat verə bilməyəcəklərini deyiblər.

Fariz Namazlı məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə, Ombudsman Aparatına müraciət edəcəyini deyib.

E.Əliyev 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı həlak olan kənd sakinlərinin məzarını ziyarət etmək üçün bu ilin noyabrında Nardarana gedib. Noyabrın 27-də ictimai asayişi pozma və onu intizama dəvət edən polis əməkdaşlarına tabe olmamaqda ittiham olunan E. liyev məhkəmənin qərarı ilə 30 sutka inzibati azadlıqdan məhrum edilib və cəzasını çəkmək üçün  Binəqədidə inzibati qaydada həbs olunanlar üçün nəzərdə tutulmuş təcridxanaya aparılıb.

"Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırzadə və digərləri Nardaran hadisələri zamanı saxlanılıb. T. Bağırzadə 20 il müddətinə azadlıqdan məhrum edilib. O, hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb və həbsini bununla əlaqələndirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun