Dekabrın 10-da Moskvada mərhum yazıçı, Nobel mükafatı laureatı Aleksandr Soljenitsının adını daşıyan küçədə onun şəxsiyyətini təhqir edən yapışdırma plakatlar peyda olub. Burada dekabrın 11-yazıçının xatirə lövhəsinin açılışı olmalıydı.
Divarlara vurulmuş yapışdırma plakatlarda Soljenitsının başında nasist hərbi papağı görünür və “Ədəbiyyat vlasovçuları, Moskvadan rədd olun” şüarı yazılıb.
"Vlasovçular” termini İkinci Dünya Müharibəsində nasist Almaniyasının komandanlığı altında sovetlərə qarşı döyüşən Rusiya Azadlıq Ordusunun əsgərlərinə aid edilir. Bu birləşməyə almanların tərəfinə keçmiş Qırmızı ordu generalı Andrey Vlasov başçılıq edirdi.
Plakatlarda onu hazırlayan təşkilatın – Bolşevik Gənclərin İnqilabi Kommunist İttifaqının adı da yazılıb.
Qrupun internet saytında dərc olunmuş xəbərdə bildirilir ki, plakatlar Soljenitsının 1970-ci illərdə yaşadığı binaya xatirə lövhəsinin vurulmasına etiraz olaraq yapışdırılıb.
Soljenitsının böyük metal barelyefindən ibarət lövhə dekabrın 11-də, yazıçının ad günündə açılıb.
Yazıçının dul xanımı Natalya Soljenitsına deyib ki, bu plakatları yapışdıranlar “ağıl və hiss baxımından cılız insanlardır”.
O deyib: “Hər bir cəmiyytədə bütün vaxtlarda, az, ya çox murdarlar həmişə olub”.
Uzun illəri Sovet düşərgə sistemində yaşamış Soljenitsın “İvan Denisoviçin həyatından bir gün” və “QuLaq arxipelaqı” kimi məşhur əsərlərin müəlifidir.
O Sovet İttifaqından 1974-cü ildə qovulub və 1994-cü ildə Rusiyaya qayıdanadək Birləşmiş Ştatlarda yaşayıb.
1970-ci ildə Nobel mükafatına layiq görülən Soljenitsın 2008-ci ildə Moskvada, 89 yaşında vəfat edib.
2016-cı ilin oktyabrında elə həmin bu qrup Moskvadakı “QuLaq muzeyinin” qarşısında Soljenitsının müqəvvasını asmışdı.