Avropa İttifaqının xarici işlər komissarı xəbərdarlıq edib ki, Ukraynanın şərqində humanitar və təhlükəsizlik vəziyyəti “kəskin pisləşib”.
Federica Mogherini-nin dekabrın 20-də verdiyi bu bəyanatdan bir gün əvvəl ABŞ-ın Ukrayna münaqişəsi üzrə xüsusi elçisi Kurt Volker 2017-ci ili bu münaqişədə “ən ağır il” adlandırmışdı.
Avropa İttifaqı xarici işlər komissarının bu bəyanatının səsləndiyi bir vaxtda Ukraynadakı beynəlxalq müşahidəçilər intensiv bombardmanların baş verdiyini bildiriblər.
Ukraynanın şərqindəki Luhansk və Donetsk vilayətlərinin bir sıra əraziləri Moskva tərəfindən dəstəklənən separatçıların nəzarətindədir. Onlar 2014-cü ilin aprelindən bəri Ukrayna hökumət qoşunlarına qarşı döyüşürlər.
ATƏT-in regiondakı müşahidəçiləri burada 2017-ci ilin fevralından bər ən ciddi atəşkəs pozuntularının baş verdiyini bildirirlər.
ATƏT müşahidəçiləri qeyd edirlər ki, döyüşən qüvvələrin yaşayış ərazilərnə yaxın yerləşdirilməsi və infrastrukturun atəşə tutulması insan həyatına “tam ehtiramsızlıqdan” xəbər verir.
2014-cü ilin sentyabrından 2015-ci ilin fevralınadək Minsk razılaşmasına uyğun olaraq Ukraynanın şərqində bir neçə dəfə atəşkəs elan olunub, lakin onların heç birinə əməl edilməyib.
Mogherini-nin bəyanatında tərəflərə ağır silahları ön cəbhədən geriyə çəkmək çağırışı edilir.
Avropa İttifaqı xarici işlər komissarının bəyanatında deyilir: “Biz ilk növbədə Rusiyanı separatçılar üzərindəki nüfuzundan tam və dərhal istifadə etməyə çağırırıq”.
Ukrayna, Rusiya və ATƏT-dən ibarət Üçtərəfli Kontakt Qrupu dekabrın 20-də bəyan edib ki, nümayəndələr Donetsk və Luhanskın bir sıra bölgələrində bayram günləri ilə əlaqədar “hərtərəfli, davamlı və müddətsiz” atəşkəsin dekabrın 23-də gecəyarı qüvvəyə minməsi barədə razılığa gəliblər.
Mogherini-nin sözçüsü bu razılaşmanı “mühüm addım” adlandırıb, lakin əlavə edib ki, “bu arada qüvvə işlədilməsindən çəkinmək başlıca məqsəd olaraq qalır”.
Bəyanatda habelə ATƏT-in Xüsusi Monitorinq Missiyasının münaqişənin bütün bölgələrinə maneəsiz girişinə imkan verilməsinə çağırış edilir.
Mogherini-nin bəyanatında daha sonra deyilir ki, Minsk razılaşmaları şərqi Ukraynadakı münaqişənin “Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü prinsipləri ilə həlli üçün baza” olmalıdır.