Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı dünən, dekabrın 9-da Amnesty İnternational təşkilatının dəstəyi ilə Hollandiyanın Leiden şəhərində tədbir keçirilib.
Tədbir dünyada qanunsuz həbs edilənlərə dəstək olaraq imza toplamaq məqsədi daşıyıb.
Mərasimə Sülh və Demokratiya İnstitutunun rəhbəri, keçmiş məhbus Leyla Yunus, tarixçi Arif Yunus və Avropada mühacir həyatı yaşayan başqa fəallar da qatılıb.
Leyla Yunus Azərbaycanda insan hüquqlarının durumundan, siyasi məhbusların vəziyyətindən narahatlığını ifadə edib.
O deyib ki, artıq 15 ildir Amnesty İnternational təşkilatı belə tədbir keçirir:
“Mən həbsdə olanda da bu cür məktublar gəlirdi. O məktubların biri xatirimdə iz buraxdı. Bu, ikinci dünya müharibəsində iştirak etmiş bir əsgərin məktubu idi. 10 milyon Azərbaycanda 150-dən çox siyasi məhbus, Belarusda 7 nəfər, 140 milyon Rusiyada 200-ə yaxın siyasi məhbus var. Bəli, Azərbaycan insan haqlarının pozulmasında liderdir. Siz CNN-də Azərbaycanın reklamlarına inanmayın, məsələ burasındadır ki, görünənlər üzdə olanlarıdır. Siyasi məhbuslara dəstək lazımdır. Siz Avropa Parlamentində və Avropa Şurasında olan deputatlardan Azərbaycanda vəziyyəti diqqətdə saxlamağı xahiş edin. O cümlədən, siz ölkənizin rəhbərindən İlham Əliyevə məktub yazmağı xahiş edin ki, Azərbaycanda siyasi məhbusları azad etsin”.
Sonra Arif Yunus özünün və həyat yoldaşı Leyla Yunusun həbsindən bəhs edib.
Tədbirin sonunda suallar əsasında diskussiya keçirilib.