Krım tatarları ilə bağlı 70-dən çox dinləmə keçirilir

Krım tatarları ilə bağlı 70-dən çox dinləmə keçirilir
18 Dekabr 2017
Mətni dəyiş

Dekabrın 18-də Krımda tatarların barəsində 70-dən çox məhkəmə dinləməsinə başlanıb.

Bu tatarlar evlərdə aparılan axtarışlara və həbslərə birnəfərlik aksiyalarla etiraz edirdilər.

Tatar fəallarına qarşı, “piket aksiyalarını tənziməyən qaydaları pozduqlarına” görə inzibati protokollar tərtib edilib.

Onları 10 mindən 20 min rubladək (təxminən 200 dollar) cərimə və ya icbarı əmək cəzası gözləyir.

Tərtib olunmuş protokollarda deyilir ki, ayrı-ayrılıqda keçirilən birnəfərlik aksiya hakimiyyətlə razılaşdırılmamış kütləvi aksiya kimi qiymətləndirilir.

Rusiya hakimiyyət orqanları bildirirlər ki, fəallar əslində birnəfərlik piketdən istifadə edərək kollektiv etiraz tədbiri keçiriblər.

Məhkəmə dinləmələri Simferopol, Cankoy, Aluşta, Sudak şəhərlərində, habelə Sovet, Kirov, Beloqorsk və Krasnoqvardeysk rayonlarında keçirilir.

İttihamın əsasında Daxili İşlər Nazirliyinin Krım üzrə ekspert təhlili dayanır. Bu təhlilə görə təklikdə piket keçirənləri vahid məqsəd birləşdirirdi və onlar bir mərkəzdən idarə olunurdular.

Nazirlik ekspertlərinin təhlilində deyilir ki, təkbaşına keçirilən aksiyalarda istifadə edilmiş plakatlar məzmun və dizaynına görə çox bənzər olub. Ekspertlərin fikrincə bu plakatların əksəriyyəti eyni bir rəssam tərəfindən, bəlkə də eyni flamsterlərlə çəkilib.

Fəalların vəkilləri bu kimi mülahizələri və ittihamları rədd edirlər.

“Krım həmrəyliyi” informasiya birliyinin məlumatına görə dekabrın 17-dək 86-dan çox tatar fəal hüquqi yardım üçün müraciət edib.

Oktyabrın 14-də Rusiya hüquq-mühafizə orqanlarının Krım tatarlarına qarşı repressiyalarına, habelə yarımadanın Moskva tərəfindən ilhaqına qarşı birnəfərlik etiraz aksiyaları keçirilib.

Rusiya Krımı işğal etdikdən sonra burada müstəqil jurnalistlərə, vətəndaş cəniyyəti fəallarına, habelə etnik tatarlara qarşı təqiblərə başlanıb.

Ukraynanın Xarici İşlər Nazirliyi bu dinləmələri Rusiyanın Krımın müsəlman tatar əhalisini “sındırmaq, boğmaq və məhv etmək” səylərinin bir hissəsi adlandırıb.

Nazirliyin sözçüsü Maryana Betsa Twitter-də yazıb ki, Moskva tatarların dinləmələrini bilərəkdən məhz indi keçirib. Beləki BMT Baş Assambleyası Krımda insan haqlarının vəziyyətinə dair sənədi bu yaxınlarda səsverməyə çıxaracaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun