ABŞ prezidenti Donald Trump bir daha təkrar edib ki, onun seçki kampaniyası ilə Kremlin agentləri arasında koordinasiya olmayıb.
Dekabrın 2-də jurnalistlərə qısa açıqlama verən Trump bildirib ki, "heç bir koordinasiya olmayıb". Prezident bu sözləri milli təhlükəsizlik üzrə keçmiş müşaviri Maykl Flinnin Federal Təhlükəsizlik Bürosuna yalan danışdığını etiraf etməsindən sonraya təsadüf edir.
Flinn boynuna alıb ki, seçkidən sonrakı keçid dövründə rus səfiri ilə kontaktları barədə FTB-yə yanlış məlumat verib. Söhbət Trump-ın 2016-cı ilin noyabrında seçkidə qalib gəlməsindən 2017-ci ilin yanvarında vəzifəsinin icrasına başlamasına qədər olan dövrdən gedir.
Flinn razılaşıb ki,Trump-ın keçid dövrü komandasının adı çəkilməyən yüksək vəzifəli rəsmisindən Rusiya hökuməti ilə əlaqə yaratmaq tapşırığı alması haqda ifadə verəcək.
Məhkəmə təqsirli saysa, Flinn bu ittihamla 5 illik həbs cəzası ala bilər.
Amma FTB ilə əməkdaşlığının səviyyəsindən asılı olaraq bu müddət dəyişə bilər.
Flinn bu ilin fevralında prezidentin milli təhlükəsizlik müşaviri təyin edilib, amma bu vəzifədə cəmi 24 saat qala bilib.
Vitse-prezident Mayk Pensə özünün Rusiya səfiri Sergey Kislyak ilə kontaktları barədə çaşdırıcı məlumat verməsi ortaya çıxandan sonra istefa verməli olub. Trump-ın vəkili Ty Cobb dekabrın 1-də bəyanat yayaraq bildirib ki, Flinn-in etirafının onun özündən başqa heç kəsə aidiyyatı yoxdur.
"Təhiqiqat zamanı səsləndirilmiş yalan məlumatlar onun Ağ evdə səsləndirdiyi yalan məlumatlara oxşardır. Həmin məlumatlara görə o, fevralda istefaya göndərilmişdi" - deyə vəkil bildirib. Flinn sözügedən təhqiqat çərçivəsində rəsmi ittihamla üzləşən 4-cü şəxsdir.
Bundan əvvəl - oktyabrda Trump-ın seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafort və onun biznes tərəfdaşı Rick Gates-ə qarşı ittiham irəli sürülüb.
Onlara qarşı ittihamlar arasında da istintaqa yalan məlumat vermək var.
Xarici siyasət üzrə keçmiş müşavir George Papadopoulos da FTB-yə yalan məlumat verdiyini etiraf edib və hazırda istintaqla əməkdaşlıq edir.