"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı dekabrın 19-da Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinə aparılıb.
Abzas.net xəbər verir ki, məlumatı jurnalistin həyat yoldaşı Məlahət Qisuri “Facebook” səhifəsində paylaşıb.
M.Qisuri Ə.Zeynallının saxlanılmasının səbəbləri barədə ehtimallarını da bölüşüb. Bildirib ki, Ə. Zeynallı uzun müddətdir ki, sosial şəbəkələrdə canlı yayımla Binəqədi rayon polis əməkdaşlarının fəaliyyətinə toxunurdu:
“O, polislərin Binəqədi şossesində yolu tez-tez bağlayıb, insanların kilometrlərlə məsafəni piyada getmələrindən bəhs edən məlumatlar paylaşırdı. Bu gün də yollar xəbərdarlıq edilmədən bağlanmışdı. Vəziyyəti çəkmək istəyən Əvəz Zeynallı vəzifəsi və kimliyi bilinməyən polis əməkdaşlarının təhqirinə məruz qaldı. Onu bölməyə apardılar".
Polis bölməsində gözləyən fəalların sosial şəbəkələrdə yaydığı məlumata görə, Əvəz Zeynallını Binəqədi rayon 4-cü polis bölməsindən çıxarıb 90-UU-144 dövlət nömrə nişanlı qara rəngli "Range Rover"lə naməlum istiqamətə aparırlar.