İran polisi "Azadlıq ya ölüm" deyən etiraz aksiyasını dağıdıb [video]

İran polisi "Azadlıq ya ölüm" deyən etiraz aksiyasını dağıdıb [video]
30 Dekabr 2017
Mətni dəyiş

İran polisi ölkənin qərbindəki Kirmanşah şəhərində və Tehranda keçirilən antihökumət nümayişlərini dağıdıb və onlarca etirazçı həbs edilib.

Yarımrəsmi Fars və Mehr agentlikləri xəbər verirlər ki, Kirmanşahda keçirilən aksiyada 300-dək etirazçı “Siyasi məhbuslara azadlıq” və “Azadlıq ya ölüm” şüarlarını səsləndirirdilər.

Bundan əvvəl dekabrın 29-da İranın qərbindəki Kirmanşah şəhərində böyük insan kütlələrinin küçələrə çıxdığı xəbər verilirdi. Bir gün əvvəl İranın ikinci böyük şəhəri Məşhəddə yüzlərlə nümayişçi bahalığa etiraz edən aksiyaya çıxmışdı.

***

Sosial mediada yayılmış videoda Kirmanşahın mərkəzindəki Azadi meydanında etirazçıların “Diktatora ölüm” və “Millət yoxsulluqda vurnuxur, rəhbər özünü Allah sayır” kimi şüarlar səsləndirdiyi eşidilir.

AzadlıqRadiosu yazır ki, şüarların məzmunundan, onların, adlarını çəkmədən həm ali rəhbər ayətüllah Ali Khamenei, həm də prezident Hassan Rohani-ni hədəflədiyi başa düşülür.

Məşhəddə yer almış etirazların ardınca dövlət mediası Tehran vilayətinin vali müavini Mohsen Hamadaniyə istinadən bildirir ki, hüquq-mühafizə orqanları istənilən toplanışlara qarşı ən sərt tədbirlərə əl atacaq.

Kirmanşah İranın eyniadlı yoxsul vilayətlərindən birinin mərkəzi şəhəridir. Üstəlik də bu vilayətdə son bir ayda bir neçə güclü zəlzələ qeydə alınıb. Noyabrın 14-də baş vermiş zəlzələdə 530 nəfər ölüb.

Bəzi təsdiq olunmamış məlumatlara görə, Şiraz da daxil başqa şəhərlərdə də etiraz aksiyaları keçirilib.

İranda siyasi nümayişlər nadir halda baş versə də, maaşların vaxtında verilməməsi və qiymət bahalığına görə etirazlar tez-tez keçirilir.

Fars xəbər agentliyi bildirir ki, dekabrın 28-də Məşhəddə keçirilmiş nümayişdə 52 nəfər həbs edilib.

Bu nümayişdə çəkilmiş videoda da adamların “Diktatora ölüm” və “Rohaniyə ölüm” şüarlarını səsləndirdikləri eşidilir.

Məşhəddəki etirazlar zamanı polis kütlələri dağıtmaq üçün suaatanlardan və gözyaşardıcı qazdan istifadə edib.

Məşhəddəki nümayiş zamanı səsləndirilmiş şüarlardan biri belə idi: “Suriyadan çıx, bizim haqqımızda düşün”. Təhlilçilər deyirlər ki, belə şüarlar İranın Suriya prezidenti Bashar al-Assada dəstək məqsədilə bu ölkəyə hərbi qüvvə və başqa yardımlar göndərməsinə qarşı etiraz kimi səslənir.

IRNA dövlət xəbər agentlityi Məşhəd valisi Mohammad Rahim Norouziana istinadən bildirib ki, şəhərdə “Bahalığa yox” şüarı ilə icazəsiz nümayiş keçirilib.

Rohaninin müttəfiqi, vise-prezident Eshaq Jahangiri belə bir mülahizə irəli sürüb ki, Məşhəddəki etirazları prezidentə qarşı olan mühafizıəkarlar qızışdıra bilərdilər.

Jahangiri deyib ki, “küçələrdə siyasi və ya iqtisadi hərəkatları başladanlar, sonradan onun öhdəsindən gəlməyə də bilərlər”.

Vise-prezident daha sonra deyib: “Bu hadisələrin arxasında duranlar öz barmaqlarını yandıracaqlar. Onlar elə bilirlər ki, bununla hökumətə ziyan vuracaqlar”.

Bu da xəbər verilir ki, son günlər İranda yumurta da daxil əsas ərzaq növlərinin qiymətləri 40 faiz bahalaşıb. Fermerlər bunu xaricdən alınan malqara yeminin bahalığı ilə əlaqələndirirlər.

İran Mərkəzi Bankının son məlumatına görə ölkədə inflyasiya 10 faiz həddindədir.

Yarımrəsmi İlna agentliyinin xəbərlərində deyilir ki, dekabrın 28-də Nişapur, Yəzd, Kaşmar və Şahrud şəhərlərində də daha azsaylı etiraz aksiyaları olub.

[embed]https://www.youtube.com/watch?v=QB2gFvlKCto[/embed] [embed]https://www.youtube.com/watch?v=A_fjreboKr4[/embed] [embed]https://www.youtube.com/watch?v=HAid95sYHTU[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun