İlqar Məmmədov bəraət istəyir

İlqar Məmmədov bəraət istəyir
11 Dekabr 2017
Mətni dəyiş

Bu gün, dekabrın 11-də vəkil Fuad Ağayev 2 Saylı Cəzaçəkmə Müəssisəsində REAL Hərəkatının lideri İlqar Məmmədovla görüşüb.

Abzas.net xəbər verir  ki, bu barədə vəkil Facebook səhifəsində yazıb.

Vəkilin bildirməsinə görə, görüş zamanı prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun İ.Məmmədovla bağlı səsləndirdiyi fikir və məsələnin həlli yollarının axtarılmasından ötrü konstruktiv danışıqlara dair təklifi müzakirə edilib:

«İlqar Məmmədov bir daha təsdiq etdi ki, onun özü şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı yerli məhkəməyə müraciət etməyəcək. Avropa İnsan Hüquqları Məhkəməsi müəyyən edib ki, onun həbsində siyasi fəaliyyətinin dayandırılması və susdurulması məqsədi güdülüb. Buna görə də, o, dərhal və qeyd-şərtsiz azad edilməlidir».

Vəkilin sözlərinə görə, REAL lideri konstruktiv danışıqlar məsələsinə də münasibət bildirilib.

«Azərbaycanın beynəlxalq-hüquqi öhdəliklərinin icrası kimi İlqar Məmmədovun cinayət işi üzrə icraata bəraətverici əsasla – cinayət hadisəsi olmadığına görə xitam verilməli və siyasi fəaliyyətinə əngəllər yaradılmamalıdır. Yəni, bu halda Avropa Şurası Nazirlər Komitəsindən Azərbaycana dair Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) göndərilən sorğunun geri çağırılması ilə bağlı vəsatət verməyə hazırdır», - deyə vəkil vurğulayıb.

Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri N.Məmmədov dekabrın 7-də Avropa Şurası Nazirlər Komitəsinin İ.Məmmədovla bağlı qərarlarını şərh edib. O bildirib ki, İ.Məmmədov cəzasının 2/3-sini çəkdiyinə görə şərti olaraq vaxtından əvvəl azadlığa buraxılma hüququ əldə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun