Prezident İlham Əliyev dekabrın 5-də Rusiya Federasiyasının rabitə və kütləvi informasiya naziri Nikolay Nikiforov-u qəbul edib.
Abzas.net xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən rabitə və texnologiyalar sahəsində uğurla inkişaf etdiyi qeyd olunub.
Nikolay Nikiforov qeyd edib ki, bu gün o, azərbaycanlı həmkarı ilə ölkəmizdə fəaliyyətə başlayan bir sıra start-up layihələri ilə də artıq tanış olub. Rusiyalı qonaq iki ölkənin texnologiya sahəsində əməkdaşlıq proqramının genişlənməsinin vacibliyini vurğulayıb.
Nikolay Nikiforov XXIII Bakutel-2017 sərgisində 20-dən çox ölkənin, 190-dan artıq şirkətin, o cümlədən Rusiya Federasiyası şirkətlərinin və eləcə də müxtəlif ölkələrin bir sıra nazirlərinin iştirak etdiyini vurğulayıb və bu tədbirin artıq rabitə sahəsində mütəxəssislərin ənənəvi görüş yerinə çevrildiyini qeyd edib.
Prezident İlham Əliyev Nikolay Nikiforov-un Azərbaycana bu səfərinin əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
Söhbət zamanı Azərbaycanın tranzit imkanlarından istifadə edilərək, poçt, TASIM layihəsi çərçivəsində iki ölkə arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.