"Heykəl məhbusu" ilə atasına hökm oxunub

"Heykəl məhbusu" ilə atasına hökm oxunub
18 Dekabr 2017
Mətni dəyiş

Dekabrın 18-də Yasamal Rayon Məhkəməsində Keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazdıqdan sonra narkotik ittihamı ilə 10 il cəza almış gənc fəal, NİDA Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimov və atası Həsən İbrahimovun məhkəməsi baş tutub.

Abzas.net xəbər verir ki, məhkəmə iclası hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Həsən İbrahimov aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum edilib.

"Heykəl məhbusu" kimi tanınan Qiyas İbrahimovun da 10 illik cəzası daha 3 ay artırılıb.

Bu il iyulun 13-də Qiyas İbrahimovun atası Həsən İbrahimov İstintaq İdarəsinə çağrılıb və ona qarşı cinayət işi açıldığı bildirilib. Cinayət işi Bakı Apellyasiya Məhkəməsində Qiyas İbrahimovun işinə baxmış hakim Vüqar Məmmədovun şikayəti əsasında başlanıb.

Məhkəmədə hakim Qiyas İbrahimovun sözünü kəsəndə atası əsəbiləşərək “Ənvər Seyidovun başına gələnlər sizin də başınıza gəlsin. Balalarınızdan görəsiz…” deyib.

Vəkil Elçin Sadıqovun sözlərinə görə, hökm qanunsuz və əsassızdır, apellyasiya şikayəti veriləcək.

Xatırlatma

NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da Heydər Əliyevin abidəsinin üzərində “Qul bayramınız mübarək” yazdıqdan sonra həbs olunublar. Ancaq onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər.

“Amnesty International” təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb.

Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun