NİDA Vətəndaş Hərəkatının 13 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan üzvü, "Heykəl məhbusu" kimi tanınan Bayram Məmmədov 1 ay müddətinə "kars"a salınıb.
Abzas.net xəbər verir ki, bu barədə NİDA Vətəndaş Hərəkatından məlumat veriblər.
Oyadıb, döyüb, sürüyə-sürüyə "kars"a aparıblar
Bildirilir ki, 13 saylı CÇM-nin rəis müavini Elçin Əlicanov bir dəstə adamla Bayramın yanına gəlib:
"Həbsxananın rəis müavini Elçin Əlicanovun rəhbərliyi altında 24 nəfərlik dəstə dekabrın 13-də otağa daxil olaraq Bayram Məmmədovu oyadıblar, döyüblər və sürüyə sürüyə aparıb "kars"a salıblar. Buna səbəb kimi isə onun Elman adlı işçini vurduğu göstərilib".
2 dustağı ölümcül döyüb, 1 nəfəri isə öldürüb
Hərəkatdan bildiriblər ki, həbsxanadan aldıqları məlumata görə, həmin Elman adlı işçi 1 gün öncə müəssisədə həyatını itirən dustağın ölümündə adı hallanan şəxsdir:
"Həmin bu Elman adlı şəxs bir həftə əvvəl 2 dustağı ölümcül döyüb. Daha sonra həmin dustaqlar özlərini kəsiblər və hal-hazırda onlardan xəbər yoxdu. Dekabrın 13-də isə həmin Elman adlı şəxs və dəstəsi Sabirabaddan olan Fərhad adlı dustağı döyərək öldürüb. Bayram Məmmədov da məhz baş verən bu hadisələrə etiraz etdiyinə görə, 1 aylıq "kars"la cəzalandırılıb".
Bundan əlavə, "kars"a salınmamışdan 1 gün öncə, həbsxana rəhbərliyinin Bayram Məmmədovu çağıraraq, müəssisədə yeni açılmış "Heydər Əliyev muzeyi"ndə olan xatirə kitabçasına niyə heç nə yazmadığı ilə bağlı onu sorğu-sual etdiyi bildirilir.
Xatırlatma
Qiyas İbrahimov və Bayram Məmmədov mayın 10-da Heydər Əliyevin postamentinə “Qul Bayramınız mübarək” şüarını yazdıqdan sonra saxlanılıblar.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.
Qiyas İbrahimov oktyabrın 25-də, Bayram Məmmədov isə dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.
Fəalların özü və üzvü olduqları Nida Vətəndaş Hərəkatı onların həbsini fəaliyyətlərinə görə olduğunu iddia edir.
Amnesty International beynəlxalq insan haqları təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu vicdan məhbusu elan edib.