Deputat Vahid Əhmədov: "İndiki halda yoxsulluğu sıfır həddinə çatdırmaq mümkün deyil"

Deputat Vahid Əhmədov: "İndiki halda yoxsulluğu sıfır həddinə çatdırmaq mümkün deyil"
27 Dekabr 2017
Mətni dəyiş

Baş nazirin müavini Əli Həsənov bildirib ki, prezidentin fəaliyyətində digər strateji istiqamət yoxsulluğun aradan qaldırılması ilə bağlıdır: "Bu gün yoxsulluq həddi 5 faizdirsə, strateji istiqamət 2020-ci ildə yoxsulluğun sıfıra enməsidir. İnşallah, 2020-ci ildə yoxsulluq sıfıra enəcək, Azərbaycanda bir yoxsul belə qalmayacaq".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, baş nazirin keçmiş müavini Vahid Əhmədov Azadlıq Radiosunun bununla bağlı suallarını cavablandırıb.

– Vahid müəllim, iki il ərzində yoxsulluğun sıfıra endirilməsi nə qədər real bəyanatdır? İndiki şərtlərdə mümkündürmü?

– Hökumətin üzvüdür, baş nazirin müavinidir, yəqin, bununla bağlı planları var ki, belə proqnoz verilir. Ümumiyyətlə, yoxsulluğun azaldılmasıyla bağlı müəyyən tədbirlər proqramı var. Hər şey asılıdır hökumətin növbəti iki ildə necə işləyəcəyindən, nə qədər iş yeri açmasından. Açığını deyim, neftin qiyməti bu səviyyədə qalarsa, manatın məzənnəsini qoruyub saxlamaq mümkün olarsa, ciddi problemlər yaranmazsa, qeyri-neft sektorunun inkişafı yüksək səviyyədə gedərsə, əlbəttə, bu problem həllini tapa bilər.

– Gündəlik gəliri 1 dollardan az olanlar ifrat yoxsul, 2 dollar olanlar isə, sadəcə, yoxsul hesab olunur. Azərbaycanda yüksəkmaaşlı iş yerləri bir yana, orta maaş verən iş yerləri yetərincədirmi?

– Yoxsulların gündəlik gəliri ilə bağlı rəqəm bir o qədər də reallığı əks etdirmir. Hər millətin özünün mətbəxi, istifadə etdiyi ərzaqlar var. Bu rəqəm 1 dollar da ola bilər, 2 dollar da. Amma 2 dollardan aşağı olmamalıdır. Hərçənd yoxsulluğu sıfır həddinə çatdırmaq o qədər də asan məsələ deyil. Problemli məsələdir. Ancaq hökumətin üzvü deyirsə, deməli, nəsə planları var.

– Bəzi iqtisadçılar hesab edir ki, indiki şərtlərdə belə bəyanat absurd səslənir.

– İndiki halda mümkün deyil, əlbəttə. Azərbaycanda yoxsulluq var. Onu indi heç kim etiraf etmir. Ancaq iki ildən sonra necə olacaq, hansı inkişaf gedəcək... Bayaq qeyd etdim, hər şey asılıdır qeyri-neft sektorunun necə inkişaf edəcəyindən, insanların hamısının işlə təmin olunmasından, yəni işsiz qalmamasından və s. Burda problem çoxdur.

– Sizcə, belə bir plan varsa, hökumət onu elə indidən – iki il öncədən açıqlamalı deyilmi? Yəni, nəyə hesablayıb belə bəyanat verdiyini əsaslandırmalı deyilmi?

– Onu deyə bilmərəm vallah. Nəyə hesablayıb, niyə deyib? Amma çox da yüngül məsələ deyil. Yoxsulluğu aradan qaldırmaq üçün çox iş görülməlidir.

– Yoxsul olmayan ölkələr varmı?

– Nə qədər olmasa, bütün ölkələrdə yoxsul var. Ola bilər birində az olsun, birində çox. Elə ölkə ola bilər, yoxsulların sayını göstərməsin, düşünsün ki, ayıbdır. Amma yoxsul olan ölkələr çoxdur.

– Vahid müəllim, sizcə, Əli Həsənovun bəyanatı şişirdilmiş bəyanat deyilmi?

– Onu siz bilərsiniz də (gülür). Bu sözün, daha doğrusu, bu prosesin həyata keçirilməsi çox ciddi işlər tələb edir. Çox ciddi. Hətta inkişaf etmiş ölkələrdə belə yoxsulluq var. Yenə deyirəm yəqin hökumətin müəyyən planları var. Nə plandır onu deyə bilmərəm.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun