«Noyabrın 9-da Pekində keçirilən ABŞ-Çin sammitində Xi Jinping «hər iki tərəfin qazanacağı əməkdaşlıq»dan danışıb. Trump-sa Xi-ni «xüsusi insan» adlandırıb. Trump Çinin izafi ticarət dövriyyəsindən şikayətlənsə də, səfər ümumən Çin-Amerika əməkdaşlığını tərifləməklə keçib», – müəllif David Ignatius «The Washington Post» qəzetində yazır.
Çin lideri Xi çıxışında Çinin böyük iddialarına işarə edib. O, bir Çin atalar sözünü sitat gətirib: «Heç bir məsafə, heç əlçatmaz dağlar və geniş okeanlar belə, qətiyyətli insanların mənzil başına çatmasını əngəlləyə bilməz». Daha sonra o, Benjamin Franklin-dən sitat gətirib: «Səbirli adam istədiyini alır». Bu, Çinin dünya supergücü olmaq yolunda sakit, lakin qətiyyətlə irəliləməsinə işarədir.
«ÖNCƏ AMERİKA»NIN ÇİNƏ FAYDASI
Çinin yüksəlişi çox sürətli, ancaq incə tonlu olub. Çinin Xi-dən öncəki illərdəki yavaş yüksəlişi çinlilərin «gizlən və gözlə» şüarına uyğun idi. Bu tərz son zamanlar ABŞ təhlilçilərinin güc oyunu kimi dəyərləndirdiyi yeni tərzlə əvəzlənib.
Müəllifin fikrincə, Trump-ın «Öncə Amerika» strategiyası qeyri-ixtiyarı Çinin daha da güclənməsinə şərait yaratdı.Administrasiyanın ədalətli ticarətə dair ritorikası güclü olsa da, bunun elə bir real faydası olmayıb. Trump Trans-Sakit Okean Əməkdaşlığı sazişindən geri çəkilib (yanvarda prezident ABŞ-ın sazişdən çıxmasına dair memorandumu imzalayıb - tərc.). Bu isə Çinin beynəlxalq təsisatlara, o cümlədən Avrasiyadakı «Bir Kəmər, Bir Yol» (OBOR) ticarət planına yolunu açıb və Asiya İnfrastruktur İnvestisiya Bankının Çinin rəhbərlik etdiyi layihələri maliyyələşdirməsinə daha geniş imkanlar yaradıb.
ABŞ Hərbi Hava Qüvvələri Çinin Amerikanın hegemonluğunu təhdid etməsinə dair iki dərc edilməmiş araşdırma aparıb. Onlardan birində iddia olunur ki, Çinin Avrasiyaya nüfuz etməsi Amerikanın müharibədən sonrakı Avropada gücünü möhkəmləndirmiş 1947-ci ilin «Marşal planı»nı xeyli geridə qoyur. Hesabatda göstərilir ki, Çin OBOR çərçivəsində 64-dən artıq ölkəyə 1 trilyon dollar məbləğində yardım edəcək. «Marşal planı» isə, əsasən, Avropanın altı ölkəsinə indiki pulla 150 milyon dollar dəyərində yardımdan ibarət idi. Hesabatda OBOR «Avrasiyada Çinin başçılığı ilə regional düzənin qurulmasına yönəlmiş strateji məqsədli, misli və miqyası görünməmiş həcmə malik proqram» kimi nəzərdən keçirilir.
250 MİLYARD DOLLARA YAXIN SƏRMAYƏ
Çin öz gücünü infrastruktur vasitəsilə artırır. Sözügedən hesabatda Pekinin Sakit okean regionunda, o cümlədən Şri-Lanka, Malayziya, Pakistan, Birma, Cibuti, Keniya və Birləşmiş Ərəb Əmirliklərində bir sıra limanları maliyyələşdirməsindən söz açılır. Bu sahəyə təklif olunan sərmayə 250 milyard dollara yaxındır.
Çin bundan başqa, Yunanıstanda infrastruktur layihələrinə 13.6 milyard dollar sərmayə qoyub. Bu sərmayə ilə o, Pirey portuna nəzarəti, habelə Yunanıstanın kommunal və fiberoptik şirkətlərinin səhmlərinin xeyli hissəsini satın alıb. «Yunanıstan Çinin Avropaya daxil olması üçün strateji sahil plasdarmı rolunu oynayır», – hesabatda deyilir.
Asiya İnfrastruktur Bankı isə 10 ölkədə, o cümlədən ABŞ-ın uzunmüddətli müttəfiqləri olan Misir, Hindistan və Omanda gerçəkləşdiriləcək layihələrə 16 milyard dollar vəsait ayırıb. Çinlilər Avropada və Asiyanın hər yerində dəmiryol xətləri çəkirlər. Bu, onlara ABŞ-ın nəzarətində olan dəniz yollarından yan keçmək imkanı verəcək. Çin artıq doqquz Avropa ölkəsində 40 dəmiryolu xəttinə malikdir.
50 ELM VƏ TEXNOLOGİYA LABORATORİYASI
Amerikanın dominantlığı, əsasən, onun elm və texnologiya mərkəzlərinin üstünlüyü üzərində qurulub. Bu mərkəzlər dünyanın hər yerindən ən güclü alimləri özünə cəlb edib. Ancaq çinlilər bu sahədə də fəaldırlar. Hesabatda deyilir ki, Çin OBOR ölkələrində azı 50 elm və texnologiya laboratoriyaları yaradır və yaxın beş il ərzində 5 minədək xarici alim, mühəndis və menecerə təlim verməyi planlaşdırır. Bu, xarici alimlərin viza və hökumət qrantları ilə bağlı narahatlıqlara görə ABŞ laboratoriyalarından uzaqlaşdığı vaxtda baş verir.
Hərbi Hava Qüvvələrinin apardığı ikinci araşdırmaya görə, hazırda Çin illik patent sayına görə ABŞ-ı ötüb keçir. Bundan başqa, Çin nüfuzlu elmi jurnallarda dərc edilmiş tədqiqat məqalələrinin sayına görə dünyada ikinci yeri tutur. 2014-cü ildə Çində elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində alınmış elmi dərəcələrin sayı ABŞ-dakından iki dəfədən çox olub.
Çin özünün dünya imperiyası üçün ən yaxşı istedadları səfərbər edir. «China Telecom» Afrikanın 48 ölkəsini əhatə edəcək 150 min kilometrdən artıq fiberoptik şəbəkə çəkməyi planlaşdırır. «IZP biq data» şirkəti tezliklə 120 ölkəyə yayılmağı planlaşdırır. «BeiDou» dövlət agentliyi bütün Avrasiya üçün GPS-ə bənzər peyk naviqasiya sistemi yaradır.
Çinin müasir dünyada əsas sözü deyən texnologiya və ticarət sahələrindəki yüksəkliyi ələ keçirməyə çalışdığı təəssüratı yaranır.
«Trump administrasiyası isə hələ «Öncə Amerika» şüarı ilə kömür mədənlərindəki iş yerlərini qorumaq və iqlim elminə şübhə etməklə məşğuldur. Üzr istəyirəm, ancaq imperiyalar belə yüksəlir və belə süqut edir», – müəllif yazır.