Britaniya kəşfiyyatının məxfi sənədləri açıqlanıb

Britaniya kəşfiyyatının məxfi sənədləri açıqlanıb
1 Yanvar 2018
Mətni dəyiş

Yenicə məxfiliyi açılmış sənədlərdən birində Britaniya kəşfiyyatı MI5-in “hərbiləşdirilmiş qrupdan İrlanidiya baş nazirinə qarşı sui-qəsd təşkil edilməsini istədiyi” iddia edilir.

Bu barədə “The Independent” yazır. Bu sənəddə iddia olunduğuna görə sözügedən silahlı protestant qruplaşma, “İrlandiyanın baş naziri Charles Haughey-ə məktub yazaraq, MI5-in bu tapşırığı barədə ona məlumat verib”.

Loyalist qruplaşmalardan olan Olster Konüllü Qüvvəsi (The Ulster Volunteer Force) Birləşmiş Krallıqda terrorçu dəstələrdən biri kimi qadağan olunub.

Sənəddə iddia olunur ki, həmin bu qrup 1987-ci ildə artıq baş nazir kimi üçüncü müddətində olan Charles Haughey-ə bildirib ki, guya MI5 iki il əvvəl onlara baş nazirin evi, maşınları və şəxsi adasına səfərlər etdiyi yaxtası barədə məlumatları ötürüb və guya onun öldürülməsinə həvəsləndirib.

Bundan əvvəlki sənədlər 30 illik məxfilik qaydasına müvafiq olaraq açıqlanmışdı.

“1985-ci ildə MI5-in Şimali İrlandiya ofisinə bağlı və o vaxt Lisburn-da mənzillənən və adının Alex Jones olduğunu deyən bir zabiti bizə yaxınlaşaraq, səni qətlə yetirməyi tapşırmışdı” – deyilirdi baş nazirə məktubda.

Olster Konüllü Qüvvəsinin iddia olunan məktubunda daha sonra deyilir ki, onlar bu xahişdən imtina ediblər, çünki Birləşmiş Krallığın “Murdar Fəndlər Departamentinin” işini görmək istəməyiblər.

Onlar bu məktubda iddia edildiyinə görə Haughey-ə yazmışdılar: “Biz bunu etməkdən imtina etdik. Bizdən soruşdular ki, sizin qətliniz üçün məsuliyyəti biz öz üzərimizə götürə bilərikmi? Biz bunu rədd etdik”.

“Bizim sizə çox da böyük sevgimiz yoxdur, amma biz Britaniyanın Murdar Fəndlər Departamentinin işini görmək fikrində deyilik” – deyilirdi məktubda.

İddia olunur ki, həmin agent loyalistlərə İrlandiya baş naziri haqqında bütün şəxsi məlumatları, o cümlədən onun Kerry aeroportuna marşrutları və təyyarəsi barədə informasiyanı da ötürüb.

“The Independent” yazır ki, o vaxt bu hədə çox ciddi qəbul edilmiş və Haughey-in yaxtasının gövdəsi dalğıclar tərəfindən bomba olub-olmamasının aşkar edilməsi üçün yoxlanmışdı.

UVF-in iddia olunan məktubunda qeyd edilir ki, MI5 İrlandiyanın iqtisadiyyatını çökdürmək istəyirdi. Bundan başqa guya İrlandiyada qarayara, dabaq və başqa heyvan xəstəliklərinin viruslarının yayılması planlaşdırılmışdı.

Məxfiliyi qaldırılmış sənədlərdən bu da bəlli olur ki, kraliça Victoria-nın 40 il anbarda saxlanmış heykəli Sidney şəhərinə hədiyyə ediləndən sonra İrlandiyanın Avstraliyadakı səfirliyinə təhdidli zənglər olub.

Səfirlik 1987-ci ildə İrlandiya hökumətinə yazırdı ki, bu jest bəziləri tərəfindən xoş qəbul olunmayıb.

Səfirliyin məlumatında deyilirdi ki, İrlandiya hökumətinin Britaniya monarxının heykəlini Avstraliyaya hədiyyə etməsi birmənalı qarşılanmayıb.

Səfirliyə zəng edənlər heykəlin təqdimatı mərasimində İrlandiya hökumətini kimin təmsil edəcəyi ilə maraqlanır və həmin şəxsin mərasimdən kənar durmasını istəyirdilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun