Azərbaycan araşdırmaçı jurnalist Xədicə İsmayılovaya səyahət qadağasını qaldırmalı, ölkədə media müstəqilliyini gücləndirməlidir. Bunu BMT-nin insan haqları ekspertləri dekabrın 5-də verdikləri birgə bəyanatda deyirlər.
Bəyanat BMT-nin fikir və ifadə azadlığının qorunması üzrə xüsusi məruzəçisi David Kaye və hüquq müdafiəçilərinin durumu üzrə xüsusi məruzəçi Michel Forst-un adından verilib.
Bəyanatda deyilir ki, İsmayılovaya araşdırmasına görə mükafat verilib, ancaq onu almaqdan ötrü dekabrda İsveçdə keçiriləcək tədbirə gedə bilmir. “Xədicə İsmayılovanın araşdırmaçı jurnalist kimi cəsarətli işi ona ‘Dürüst Həyat’ mükafatını qazandırıb, amma o, mükafatı ala bilmir. Çünki elə həmin işinə görə ona səyahət qadağası qoyulub”, – ekspertlər deyirlər.
“Bu qadağa jurnalistin ifadə azadlığını boğur, çünki məqsəd onun xaricə səyahət edərək insan haqlarından danışmasını əngəlləməkdir. Hakimiyyəti qadağanı qaldırmağa, jurnalistikanı saxta bəhanələrdə məhdudlaşdırmamağa çağırırıq”, – bəyanatda daha sonra vurğulanır.
Jurnalist səyahət qadağasının qaldırılmasından ötrü bir neçə dəfə məhkəmələrə müraciət etsə də, buna nail olmayıb.
BMT-nin ekspertləri araşdırmaçı jurnalistin bank hesabının dondurulmasından da narahatlıqlarını bildiriblər. “Xanım İsmayılovaya hakimiyyətin tədbirləri hüquq çərçivəsini aşır. Bu, jurnalistin fərdi işinə və ölkədə müstəqil jurnalistikaya ziddir”, – ekspertlər bildirirlıər.
Qeyd edək ki, hakimiyyət təmsilçiləri ölkədə bütün təməl hüquq və azadlıqların tam qorunduğunu bildirirlər.