Bu gün – dekabrın 18-də BMT-nin Təhlükəsizlik Şurası ABŞ prezidenti Donald Trump-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaqla bağlı qərarının ləğvinə çağıran qətnamə layihəsini səsə qoyacaq. Diplomatların deməsinə görə, Vaşinqtonun bu sənədə veto qoyacağı gözlənir.
Misirin hazırladığı bir səhifəlik mətni görmüş “Reuters” informasiya agentliyi yazır ki, sənəddə Birləşmiş Ştatların, yaxud Trump-ın adı çəkilmir. Diplomatların deməsinə görə, 15 üzvü olan şura qətnamə layihəsini əsasən dəstəkləyir və hətta qəbul edilməsə belə, bu səsvermə Trump-ı bu məsələdə daha da təcrid edəcək.
Qətnamənin qəbulundan ötrü ona 9 səs gərəkdir, Birləşmiş Ştatlar, Fransa, Britaniya, Rusiya və ya Çin tərəfdən veto qoyulmamalıdır.
“DƏRİN TƏƏSSÜF”
Trump bu ay ABŞ-ın illərdir sadiq qaldığı siyasətin əksinə gedərək Qüdsü İsrailin paytaxtı kimi tanıyır. Bu addım fələstinliləri qəzəbləndirib. Trump ABŞ-ın səfirliyini Təl Əvivdən Qüdsə köçürməyi də planlaşdırır.
Birləşmiş Ştatların BMT-dəki səfiri Nikki Haley Trump-ın qərarını “atılası ədalətli və düzgün addım” adlandırıb.
Agentlik ABŞ-ın BMT-dəki missiyasından məsələyə münasibət ala bilməyib.
Ərəb ölkələrinin xarici işlər nazirləri məsələyə dair BMT Təhlükəsizlik Şurasının qətnamə çıxarmasına çalışırdılar. Layihədə “Qüdsün statusuyla bağlı son qərarlardan dərin təəssüf” ifadə olunur.
Qətnamə layihəsi bütün ölkələri diplomatik missiyaları Qüdsə köçürməkdən çəkinməyə çağırır.
İsrail bu şəhəri paytaxtı hesab edir və bütün səfirliklərin buraya köçürülməsini istəyir.
“Heç bir səsvermə, yaxud müzakirə Qüdsün İsrailin paytaxtı olması reallığını dəyişə bilməyəcək”, – İsrailin BMT-dəki səfiri Danny Danon şənbə günü yaydığı bəyanatda vurğulayıb.
Fələstinlilər isə gələcək dövlətlərinin paytaxtının şəhərin şərq hissəsində yerləşməsini istəyirlər. İsrail Qüdsün şərqini 1967-ci ildə ilhaq edib, ancaq beynəlxalq ictimaiyyəti bu addımı tanımayıb.