Bitkoynun sabun köpüyü vəziyyətində olduğunu anlamaq üçün dərin maliyyə biliklərinə ehtiyacınız yoxdur.
Cəmi 8 il ərzində onun dəyəri 39 sentdən 18 min dollara və daha yuxarı qalxıb. Bu yaxınlarda isə cəmi bir neçə gün ərzində iki dəfə bahalaşaraq, dünya mediasının diqqətini cəlb edib.
ABŞ-ın Kolumbiya Universitetinin hüquq professoru Tim Wu "The New York Times"da məqaləsində qeyd edir ki, bitkoyn bahalaşdıqca daha dərin və daha əhəmiyyətli proseslərin baş verdiyini düşünməyə əsas yaranır. Onun sözlərinə görə, bitkoynun yüksəlişi ictimai etimadın mühüm yerdəyişməsinin əlaməti ola bilər. Başqa sözlə, ictimai etimad hökumətin dəstəklədiyi ənənəvi institutlardan yaxşı sınanmış kompüter kodlarına tərəf hərəkət edir. Bu, maliyyə sahəsini dəyişdirməyə qadir trenddir. İnsanın yanıla biləcəyi qorxusu bizi texnologiyaya get-gedə daha çox bel bağlamağa vadar edir.
“AMAZON” MİSALI
"Bitkoyn sabun köpüyü vəziyyətində ola bilər. Ancaq bütün sabun köpükləri eyni deyil. Bəziləri piramida sxemlərindən az fərqlənir. Bəziləri isə nəhəng dalğalar halına gələ bilər. Məsələn, 1990-cı illərin sonlarında texnologiya şirkətlərinin səhmlərinin sabun köpüyü kimi şişməsi müşahidə olunurdu. Ancaq geriyə baxanda, məsələn, "Amazon"un o pullara dəymədiyini deyə bilərikmi?
Bitkoyn köpüyünün əhəmiyyəti onun özündən daha böyük bir şeyin tərkib hissəsi olması ilə bağlıdır. Bu mənada o, 1990-cı illərdə yeni yaranan texnologiya şirkətlərinin səhmlərini xatırladır. Biz get-gedə daha çox insanlara etimadımızı itirir, maşınlara daha çox inanmağa başlayırıq. Kompüterlər içərisində olduğumuz təyyarələri havaya qaldırır, cərrahlara bizim bədənimizi kəsərək əməliyyat etməkdə yardım göstərir, bizi mənzil başına çatdırır. Bütün bu məsələlərdə biz kompüterlərə etibar edirik", – məqalədə deyilir.
Müəllif hesab edir ki, maliyyə sahəsi bu mənada geri qalıb.
Son nəticədə 2009-ci ildə bitkoynun yaranmasına yol açan amillərdən biri insan amili, başqa sözlə maliyyə böhranı olub. Güclü iqtisadiyyata malik dövlətlərin dəstəklədiyi banklar post-qızıl dövründə (ABŞ 1971-ci ildən bəri öz valyutasını qızıla bağlamır) daim maliyyə etimadının rəmzi olub. Ancaq eyni zamanda bu banklar başqa insanların pulları hesabına varlanan, çox zaman qeyri-bərabər vədlərə və mürəkkəb aktivlərə əsaslanan sistemlər kimi görülüb. Kompüter proqramçısının gözündə bu maliyyə sistemi hələ də yoxlanmamış, insanların normal davranışına həddindən artıq inam ehtiva edən zəif proqramdır. İstənilən keyfiyyətsiz proqram kimi o da vəziyyət dəyişəndə iflasa uğraya bilər.
ALTERNATİV
Əlavə edək ki, valyutanı çap edən, bankların qarantı olan, müqavilələri qüvvəyə mindirən əsas hökumətlər heç də həmişə etimad aşılamır. Bəzən hökumətlər həddindən artıq pul çap etməklə onu dəyərdən sala, yaxud da vətəndaşlara məxsus sərvəti onların əlindən ala bilirlər. Venesuelada yaşanan hiperinflyasiya və Hindistandakı demonetizasiyanı örnək göstərmək olar. Ancaq hətta ən çox etimad göstərilən hökumətlər də şübhəli davranış sərgiləyə bilər. Məsələn, Avropa hələ də Britaniyanın AB-ni tərk etməsinin şokunu yaşayır. Çin qeyri-şəffaf avtoritar dövlətdir. Dünya maliyyə sisteminin ən böyük qarantı olan ABŞ-sa 20 trilyon dollarlıq borc içindədir. Bu mənada dünya vətəndaşlarının alternativlər axtarması heç də təəccüblü deyil.
“Bütün bunlar hökumətlərdən və meynstrim banklardan asılı olmayan aktiv kimi bitkoynun populyarlığını anlamağa kömək edir. Ancaq bununla yanaşı, o, bütün bu pullara dəyərmi? Bitkoyn mərkəzsizləşdirilmiş ictimai qrossbux (bank hesablarının əsas toplusu) yaradaraq, istifadəçilərin idarə etdiyi transferləri izləyən "blokçeyn" texnologiyası üzərində qurulub. Heç bir hökumət bu texnologiya qədər pul istehsal etməyə qadir deyil. Bitkoyn hər hansı suveren dövlətin bankı tərəfindən dəstəklənmir. O, səhm və ya istiqrazlardan fərqli olaraq, sizə pula iddia edə bilməyiniz üçün hər hansı bir sənəd vermir. Ancaq digər tərəfdən, pulun əksər digər formaları da illüzor xüsusiyyətlərə malikdir və işlədiyi müddətdə insanlar kollektiv şəkildə bu hallüsinasiyaya qapılırlar”, – məqalədə deyilir.