Laçın rayonundan olan məcburi köçkünlər - Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovların Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə etdikləri şikayətləri üzrə məhkəmənin Böyük Palatasının yeni qərarı elan olunub. Abzas.net xəbər verir ki, qərara əsasən Ermənistan hökuməti 3 ay ərzində şikayətçi olan məcburi köçkünlərin hər birinə maddi və mənəvi ziyana görə 5 min avro kompensasiya ödəməlidir. Bundan başqa, Ermənistan şikayət üzrə hüquqi yardıma görə 28 min 642 funt sterlinq ödəməlidir. Məhkəmənin Böyük Palatasının qərarına əsasən, əgər Ermənistan dövləti 3 ay müddətində məcburi köçkünlərin və onların vəkillərinin təzminatını ödəməsə həmin məbləğin üzərinə əlavə faizlər (il ərzində 3 faiz) gələcək. Qeyd edək ki, 2005-ci ilin aprel ayında Laçın rayonundan olan məcburi köçkünlər - Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovlar Avropa Məhkəməsinə ərizə ilə müraciət edərək Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə şikayət ediblər.