Azərbaycan Dağlıq Qarabağa geniş muxtariyyət verməyə və yerli erməni əhalinin hüquqlarına zəmanət verməyə hazırdır.
Bu barədə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İsrailin The Jerusalem Post qəzetinə müsahibəsində bildirib.
"Biz müəyyən güzəştlərə və problemin konstruktiv həllinə hazırıq", deyə o qeyd edib.
Onun fikrincə, münaqişənin sabit və ədalətli həlli üçün əsas şərt Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi və Dağlıq Qarabağ bölgəsinə Azərbaycanın tərkibində geniş muxtariyyət verilməsidir. Bakı orada yaşayan erməni əhalinin mülki, sosial-iqtisadi və mədəni hüquqlarının Azərbaycan qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq tam şəkildə təmin ediləcəyinə zəmanət verməyə hazırdır.
Həsənov qeyd edib ki, Qarabağ münaqişəsinin nizamlanması beynəlxalq hüquq normalarına əsaslanmalıdır.