2017-ci il - vətəndaş cəmiyyətinə təzyiqlər
1. Fevralın 6-da Brüsseldə prezident İlham Əliyevin iştirakı ilə strateji tərəfdaşlıq haqqında saziş layihəsi üzrə yüksək səviyyədə danışıqlar aparılıb.
2. Fevralın 21-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva ölkənin birinci vitse-prezidenti təyin edilib.
3. Martın 10-da Azərbaycan "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü"ndən (MSŞT) çıxdığını bəyan edib.
4. Martın 28-də Azərbaycanda ölkə hökumətini tənqid edən saytların: "Azadlıq" qəzetinin (azadliq.info), "Meydan TV" internet telekanalının (meydan.tv), "Azadlıq" radiosunun Azərbaycan xidmətinin (azadlig.org) saytlarının, "Azərbaycan saatı" verilişinin tamamilə bloklanması başlayıb.
5. Mayın 29-da Azərbaycanlı jurnalist Tbilisidə oğurlanıb və Azərbaycana göndərilib.
6. Avqustun 8-də Vergilər Nazirliyi Turan İnformasiya Agentliyinə qarşı saxta vergidən yayınma ittihamı irəli sürərək, bir qəhrəmanlıq dastanının: direktor Mehman Əliyevin həbsi, azad edilməsi və cinayət işinə xitam verilməsi dastanının başlanğıcını qoyub.
7. Oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyası Azərbaycanla bağlı iki sənəd və onlarla bağlı qətnaməni təsdiq edib: "Azərbaycanda demokratik institutların fəaliyyəti" və "Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə (may-noyabr 2014) ölkədə insan hüquqlarına hörmət sahəsində atılmış addımlar" məruzəsi haqqında.
8. Oktyabrın 25-də Avropa Şurası Nazirlər Komitəsi rəsmi olaraq Azərbaycana İlqar Məmmədovun işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının təmin edilməsi zərurəti ilə bağlı hüquqi tədbirlərə başlamaq niyyəti haqqında xəbərdarlıq edib.
9. Noyabrın 15-də 14 informasiya saytı Mətbuat Şurasının çağırışı ilə əlaqədar Rabitə Nazirliyi tərəfindən bloklanıb. Mətbuat Şurası əsassız olaraq bu internet-resursları reketdə ittiham edib və "qara siyahıya" salıb.
10. Dekabrın 5-də 17 il stajı olan vergilər naziri Fazil Məmmədov istefaya göndərilib.
2017-ci ilin xülasəsi
2017-ci ilin siyasi hadisələri iki istiqamətlə yadda qalıb - hakimiyyətin vətəndaş cəmiyyətinə qarşı təzyiqinin artması və Qərbin rejimə təzyiqinin artması.
Bu il İlham Əliyevin Prezident Administrasiyası ölkə daxilində və hətta onun hüdudlarından kənarda müxalifətə və müstəqil səslərə qarşı hücumları davam etdirib.
Siyasi fəallar, jurnalistlər həbs edilib - yazda Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı saxta qaçaqmalçılıq ittihamı ilə həbs edilib, jurnalist Əfqan Muxtarlı Tbilisidə oğurlanıb və Bakıya göndərilib, blogger Mehman Hüseynov, Kanal-13 saytının icraçı direktoru Orucov həbs ediliblər. Müstəqil Turan İnformasiya Agentliyinin və onun direktoru Mehman Əliyevin aradan qaldırılması üzrə xüsusi əməliyyat həyata keçirilib.
Azad səslərin zərərsizləşdirilməsi siyasəti davam etdirilib, bu, KİV, informatika sahəsində qanunvericiliyin müntəzəm olaraq sərtləşdirilməsi, jurnalistlərin həbsi və saytların geniş miqyaslı və qanunsuz bloklanmasından ibarət olub. Yazda beşə qədər sayt bloklanmışdısa, payızda bu miqyas xeyli artmışdı - 20-dən çox sayt bloklanmışdı.
İlin sonuna yaxın məhkəmələrdə və hüquq-mühafizə orqanlarında vətəndaşların müdafiəsi üzrə hüquqşünasların nümayəndəliyi institutu qanunvericilik qaydasında ləğv olunub. Bu, vətəndaş fəallarının müdafiəsi sistemini xeyli zəiflədib. Vəkillər Kollegiyasında 900-ə yaxın insan var, onların təxminən 370-i fəal şəkildə vəkilliklə məşğul olur və cəmi 5 vəkil siyasi motivli proseslərə çıxır.
Uzunmüddətli fasilədən sonra Qərb yalnız ilin ortalarına doğru rejimə qarşı 2016-cı ilin ortalarında müxtəlif islahatlar vədi müqabilində dayandırılmış təzyiqini bərpa edib.
Sentyabrın 7-də ABŞ Senatının Yardımlar üzrə Komitəsi 2018-ci büdcə ili üçün Xarici Əməliyyatlar haqqında qanun layihəsinə senator Riçard Durbin tərəfindən təklif edilmiş düzəlişi təsdiq edib. Düzəliş Mehman Əliyevin həbsində əli olan Azərbaycanlı məmurlara qarşı viza sanksiyaları nəzərdə tutur.
Avropa Şurası Parlament Assambleyası oktyabrın 10-da Azərbaycanla bağlı iki sənədi və onlarla bağlı qətnamələri təsdiq edib: "Azərbaycanda demokratik institutların fəaliyyəti" və "Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə (may-noyabr 2014) ölkədə insan hüquqlarına hörmət sahəsində atılmış addımlar" məruzəsi haqqında.
Oktyabrın 25-də isə Avropa Şurası Nazirlər Komitəsi rəsmi olaraq rəsmi olaraq Azərbaycana İlqar Məmmədovun işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının təmin edilməsi zərurəti ilə bağlı hüquqi tədbirlərə başlamaq niyyəti haqqında xəbərdarlıq edib.
Bu tədbirlər hakimiyyət dairələrində narahatçılığa səbəb olub, bu, Mehman Əliyevin dərhal azad edilməsində, Turan-a qarşı cinayət işinə xitam verilməsində, hakimiyyətin İlqar Məmmədovun azad edilməsi məsələsini həll etməyə, habelə 2018-ci ildə Avropa İttifaqı ilə Strateji Tərəfdaşlıq Sazişi imzalamağa hazır olduğu barədə bəyanatlarında özünü göstərib. Amma buna paralel olaraq, vətəndaş cəmiyyətinə qarşı təzyiq xətti davam etdirilib, bu, dekabrın 25-də 90-cı illərin müdafiə naziri Rəhim Qazıyevin həbsində və Mətbuat Şurasının bir sıra KİV-lərə qarşı cəza qərarları çıxarmasında özünü açıq-aşkar göstərib.
Bütün bu deyilənlərə yekun vuraraq, ilin siyasi cəhətdən başladığı kimi də başa çatdığını demək olar: rəqiblərin təqibi və həbsi, qanunvericiliyin sərtləşməsi, beynəlxalq institutlar və demokratik ölkələrlə qarşıdurmalar. Bütün bunlar sistemli və ardıcıl xarakter daşıyıb.