Avropa Parlamentinin üzvü Rusiyaya casusluq ittiham edilir

Avropa Parlamentinin üzvü Rusiyaya casusluq ittiham edilir
7 Dekabr 2017
Mətni dəyiş

Macarıstanda Avropa Parlamentinin üzvünə qarşı Rusiya üçün casusluq etmək ittihamı irəli sürülüb.

Macarıstanın radikal millətçi Jobbik partiyasının üzvü Bela Kovacs “AB qurumlarına qarşı casusluqda”, “xarici dövlətin maraqları naminə casusluq fəaliyyətində” ittiham olunur. Bunu ittihamçılar dekabrın 6-da bildiriblər.

Bəyanata görə, ittihamlara maliyyə fırıldağı və sənədlərin saxtalaşdırılması da salına bilər və Avropa Parlamenti qurumlarının bu hərəkətlər ucbatından ciddi maliyyə itkisinə məruz qaldığı bildirilir.

2 İLDƏN 8 İLƏDƏK HƏBS

İttihamçılar “Reuters” agentliyinə “xarici dövlət”in Rusiya olduğunu təsdiqləyiblər.

Kovacs Moskvaya tez-tez gedir və prokurorlar onu rusiyalı diplomatlarla gizli görüşməkdə şübhəli sayırlar.

Kovacs 1980-1990-cı illərdə, on ildən artıq bir müddətdə Moskvada yaşayıb. O, 2003-cü ildə Budapeştə qayıdıb və iki il sonra Jobbik siyasi hərəkatına qoşulub. 2010-cu ildən Avropa Parlamentinin üzvüdür

Casusluq ittihamı sübuta yetirilsə, 57 yaşlı Kovacs 2 ildən 8 ilədək həbsə məhkum edilə bilər.

Avropa Parlamenti 2015-ci ildə onun parlament toxunulmazlığını qaldırıb və bu da Macarıstanda istintaqın başladılmasına yol açıb.

Kovacs ilk dəfə 2014-cü ildə Macarıstan hakimiyyəti tərəfindən səsləndirilən bu iddiaları həmişə rədd edib. O, dekabrın 6-da deyib ki, ona qarşı cinayət işi “fantaziya məhsuludur” və məhkəmədə bəraət alacağını gözləyir. Hələlik, məhkəmənin tarixi bəlli deyil.

BAŞ NAZİRƏ İTTİHAM

Kovacs bu cinayət işinin Jobbik-ə ziyan vurmamasından ötrü partiyadan istefa verdiyini açıqlayıb. O, Macarıstanın baş naziri Vikrot Orban-ın sağ qanad Fidesz partiyasının bu işdən Jobbik-ə hücumda faydalandığını bildirib.

Fidesz-in sözçüsü isə bu ittihamları “Avropa səviyyəsində ciddi məsələ” adlandırıb və onların Kovacs-a qarşı “Jobbik siyasətçisi” kimi irəli sürüldüyünü bildirib.

Macarıstanda Orban 2014-cü ildə ikinci müddətə seçiləndən sonra Jobbik-ə dəstək artıb. Orban özü Rusiya prezidenti Vladimir Putin-lə dost münasibətlərə görə tənqid olunur.

Jobbik hazırda Fidesz-dən sonra Macarıstanın ikinci populyar partiyasıdır. Bu partiya Rusiyanın Ukraynanın Krım vilayətini qanunsuz ilhaq etməsini, eləcə də Ukraynanın şərqindəki rusiyapərəst separatçıların müstəqillik cəhdlərini dəstəkləyib. Jobbik həmçinin AB-yə qarşı mövqeyinə görə seçilib.

Jobbik bəyanatından Kovacs-a qarşı ittihamları “alqışladığını”, onun nəhayət ki, məhkəmədə “siyasi şou qurbanı olmasını” sübuta yetirə biləcəyini vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun