Avropa Şurası Nazirlər Komitəsinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarının Azərbaycan tərəfindən icra edilib-edilməməsi məsələsinə dair sorğusu ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi Nazirlər Komitəsinə, Azərbaycan hökumətinə və İlqar Məmmədova məktub göndərib.
Abzas.net xəbər verir ki, bu barədə vəkil Fuad Ağayev "Facebook" səhifəsində yazıb.
Vəkil bildirir ki, məktubda sorğuya baxılması üçün məhkəmənin sədri Guido Raimondi başda olmaqla Böyük Palatanın tərkibi elan edilir.
“Avropa Şurası Nazirlər Komitəsinə, hökumətə və bizə sorğu ilə bağlı yazılı şərhlərin 31 mart 2018-ci il tarixinə kimi təqdim edilə bilməsi haqqında məlumat verilir”, - deyə, Ağayev qeyd edib.
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanın müxalifət siyasətçisi İlqar Məmmədov barədə AİHM-in 2014-cü il hökmünü icra etməməsi ilə əlaqədar rəsmi Bakıya qarşı xüsusi prosedura başladığı barədə bu ilin dekabrın 15-də mətbuat üçün açıqlama yayıb.
Bu prosedurun həyata keçirilməsində məqsəd, Azərbaycanın hazırda həbsxanada olan İlqar Məmmədov barədə AİHM-in hökmünün icrasından imtina edib-etmədiyinin bir daha müəyyənləşdirilməsidir.