ATƏT nümayəndəsi Azərbaycan hökumətini jurnalistlərə basqılara son qoymağa səslədi

ATƏT nümayəndəsi Azərbaycan hökumətini jurnalistlərə basqılara son qoymağa səslədi
20 Dekabr 2017
Mətni dəyiş

ATƏT-in Media Azadlıqları üzrə nümayəndəsi Harlem Dezir internet TV saytı Kanal13-ün baş redaktoru Əziz Orucovun məhkum edilməsindən dərin narahatlığını ifadə edib.

15 dekabrda Bakı Ağır Cinayətlər Məhkəməsi Orucovu qeyri-qanuni sahibkarlıq və səlahiyyətlərdən sui-istifadə ittihamları ilə 6 il azadlıqdan məhrum edib.

“Mən rəsmiləri Əziz Orucova oxunan hökmü nəzərdən keçirməyə, onun azadlığına və təhlükəsizliyinə ziyanlı ölçülərə son qoymağa çağırıram,” Dezir bildirib. “Ümid edirəm ki, appelyasiya prosesində bu qərar ləğv olunacaq.”

Azərbaycan hökumətinə 30 noyabrda ünvanladığı məktubda ATƏT yetkilisi ittihamçıların Orucovun təqsirli olduğuna dair heç bir dəlil təqdim etmədiklərini və jurnalistin Kanal13-dəki fəaliyyətinə görə təqiblərə məruz qaldığını qeyd edib.

Dezir habelə jurnalist Əfqan Muxtarlının məhkəməsi ilə bağlı narahatlıqlarını ifadə edib. Muxtarlı ötən may ayında Gürcüstanın Tbilisi şəhərində oğurlanmış, sonradan Bakıda həbs olunmuş şəkildə üzə çıxmışdı.

“Muxtarlının hücuma və oğurlanmaya məruz qalması bir tərəfə, Azərbaycanda ona qarşı irəli sürülən saxta ittihamlar və onu davamlı qaydada həbsdə saxlamaq üçün dəlilin olmaması təlaş doğurur,” Dezir deyib. “Mən Azərbaycan hökumətini jurnalistə qarşı bütün ittihamları geri götürməyə və onun ifadə azadlığına hörmət etməyə çağırıram.”

Harlem Dezir araşdırmaçı jurnalist Xədicə İsmayılovanın bank hesabının dondurulmasını qeyd edərək bu cür əməllərin jurnalistin peşəkar fəaliyyətinə əngəl törətdiyini bildirib.

Dezir habelə videobloger Mehman Hüseynova oxunan 2 illik hökmün Bakı Appelyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanmasından narazılığını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun