Avropa İttifaqının, Rusiyanın Ukraynadakı təcavüzünə görə Moskva üzərinə qoyulmuş sanksiyaları uzatmağa hazırlaşdırğı bir vaxtda Aİ-nin xarici işlər komissarı ittifaqın Ukraynanın ərazi bütövlüyünə sadiqliyinin “dəyişməz” olaraq qaldığını bəyan edib.
Dekabrın 8-də Brüsseldə Ukrayna baş naziri Volodimir Hroysmanla görüşən Federica Mogherini Rusiyanın Krım rayonunu davamlı hərbiləşdirməsini kəskin tənqid edib.
O habelə Rusiyanın bu ərazidəki insan haqlarını pozmasını tənqid atəşinə tutub və ilhaq edilmiş Krımda, habelə Rusiyada qanunsuz həbs edilmiş Ukrayna vətəndaşlarının dərhal azad olunmasına çağırıb.
Avropa İttifaqı da Birləşmiş Ştatlarla yanaşı Rusiyanın Ukraynadakı hərəkətlərinə görə Moskva üzərinə iqtisadi sanksiyalar qoyub. Rusiya Ukraynanın şərqində Kiyevin hökümət qoşunlarına qarşı döyüşən separatçılara dəstək verir.
Rusiyanın əsasən bank və enerji sektorlarını hədəfləyən Avropa sanksiyaları 2014-cü ilin yayından tətbiq edilir və o vaxtdan bəri hər altı aydan bir uzadılır.
AzadlıqRadiosuna adlarının çəkilməməsi şərtilə danışan Aİ diplomatları bildiriblər ki, dekabrın 14-də keçiriləcək Aİ sammitində Fransa prezidenti Emmanuel Macron və Almaniya kansleri Angela Merkel Rusiyaya qarşı sanksiyaların daha altı müddətinə uzadılmasını tövsiyə edəcəklər.
Rəsmilər bildirirlər ki, sanksiyaların uzadılmasına dair qərar Milad tətilinin ərəfəsində elan ediləcək.