ABŞ Ukraynanın yüngül silahlar almasına lisenziya verir

ABŞ Ukraynanın yüngül silahlar almasına lisenziya verir
21 Dekabr 2017
Mətni dəyiş

ABŞ Dövlət Departamenti Ukraynanın Birləşmiş Ştatlardakı istehsalçılardan yüngül silahların müəyyən növlərini və kiçik silahlar almasından ötrü ixrac lisenziyasını təsdiqlədiyini bildirir.

Qurumun sözçüsü Heather Nauert dekabrın 20-də deyib ki, dekabrın 13-də Konqresə bu qərarla bağlı bildiriş göndərilib.

Lisenziyaya yarıavtomat və avtomat silahlar, silah hissələri daxildir.

Ancaq Ukraynaya Javelin antitank raketləri kimi daha ağır silahların satışına icazə verilmir. Kiyev Vaşinqtondan bu silahlardan istəyir, ölkənin şərqindəki Donetsk və Luqansk regionlarında rusiyapərəst separatçılarla döyüş qabiliyyətini gücləndirməyə çalışırdı.

FƏRQLİ YANAŞMALAR

Lisenziyanın təsdiqlənməsinin əhəmiyyəti fərqli dəyərləndirilir.

“The Washington Post” Dövlət Departamentinin qərarını “Birləşmiş Ştatlardan Ukraynaya öldürücü müdafiə silahlarının ilk kommersiya satışı”, indiyədək yürüdülən siyasətdən “açıq şəkildə əl çəkmək” adlandırıb.

Dövlət Departamenti və digər media orqanları isə bunun əksini bildirirlər.

“Əvvəlki iki administrasiya dövründə də ABŞ hökuməti Ukraynaya ixrac lisenziyasını təsdiqləyib”, – Nauert deyib.

“Reuters” yazır ki, Dövlət Departanmentinin sənədlərində Ukraynanın bir neçə ildir yüngül və kiçik silahlar aldığını göstərir, bu, Rusiyanın 2014-cü ilin martında Krım regionunun tutmasından öncəyə və sonraya təsadüf edir.

Nauert-in sözlərinə görə, ABŞ hökuməti Ukraynaya öldürücü müdafiə avadanlığı verməyib, ancaq bunu istisna da etməyib.

ABŞ ordu komandiri, general Joseph Dunford bu ilin əvvəlində deyirdi ki, Birləşmiş Ştatlara Ukraynaya öldürücü müdafiə silahları verməyi tövsiyə edib və məqsəd ölkəyə “suverenliyini qorumaqda” kömək göstərməkdir.

UKRAYNA JAVELİN İSTƏYİRDİ

Ukrayna hakimiyyəti özəlliklə daşınan Javelin raketləri istəyirdi.

ABC News ötən ay xəbər verirdi ki, aparıcı müşavirləri prezident Donald Trump-a Ukrayna müdafiə silahlarının satışı üçün 47 milyon dollarlıq plan təqdim edəcək.

ABC News noyabrın 18-də Dövlət Departamentindəki mənbəyə istinadla, təklif olunan paketə Javelin-lərin də salındığını yazırdı.

2014-cü ilin aprelində Ukraynanın şərqindəki münaqişədə 10 min 300-dən çox adam həlak olub.

ABŞ-ın Ukraynanın şərqində sülh üzrə elçisi Kurt Volker dekabrın 19-da bu ilin münaqişədə “ən zorakı il” olduğunu bildirib və zorakılıqların artacağı barədə xəbərdarlıq edib.

Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini dekabrın 20-də münaqişə zonasında humanitar və təhlükəsizlik durumunun “kəskin pisləşməsi” xəbərdarlığıyla çıxış edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun