ABŞ-ın strategiyasına Rusiya və Çindən reaksiya gəldi

ABŞ-ın strategiyasına Rusiya və Çindən reaksiya gəldi
19 Dekabr 2017
Mətni dəyiş

Rusiyayla Çin ABŞ prezidenti Donald Trump-ın açıqladığı yeni milli təhlükəsizlik strategiyasını sərt tənqid edib.

Kremlin sözçüsü Dmitry Peskov dekabrın 19-da deyib ki, yeni strategiya “imperiya xarakteri” daşıyır və Vaşinqton “təkqütblü dünya”dan əl çəkmir.

“Moskva bu ölkənin Birləşmiş Ştatların təhlükəsizliyinə hədə sayılmasını qəbul edə bilməz”, – sözçü deyib.

Çinin Xarici İşlər Nazirliyi isə Vaşinqtonu “Soyuq Müharibə mentalitetindən” əl çəkməyə çağırıb, Çinin daima qlobal inkişafa töhfə verdiyini, beynəlxalq düzəni qoruduğunu bildirib.

***

ABŞ prezidenti Donald Trump deyib ki, Birləşmiş Ştatlar Rusiya, Çin və başqa ölkələrlə “böyük tərəfdaşlığa” nail olunmasına çalışacaq, lakin eyni zamanda daim “öz ölkəsinin maraqlarını müdafiə edəcək”.

Trump bu bəyanatı dekabrın 18-də ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası adlı sənədi təqdim etməzdən əvvəl verib.

Bu sənəddə Vaşinqtonun Rusiya və Çinə münasibətdə sərt siyasət yürüdəcəyi bir daha təsdiqini tapıb.

Sənəddə deyilir: "Bu ölkələr öz iqtisadiyyatlarını daha az sərbəst və daha az rəqabətli etməklə öz hərbi qüdrətlərini artırır, öz cəmiyyətlərinin informasiya və məlumat almasını əngəlləməklə təsir güclərini yüksətməyə çalışırlar”.

Sənəddə daha sonra vurğulanır ki, Şimali Koreya və İranın diktatorluqları “regionları sabitsizləşdirmək, amerikalıları və onların müttəfiqlərini hədələmək, öz xalqlarını əzmək niyyətindədirlər”.

Strategiya sənədində qeyd olunur ki, transmilli “cihadçı terroristlər” və kriminal qruplaşmalar “amerikalılara fəal şəkildə ziyan vurmağa çalışırlar”.

Təhlükəsizlik strategiyaları ABŞ prezidenti Ronald Reagan-ın zamanından bəri hər yeni prezident tərəfindən və adətən hər dörd ildən bir işlənir.

Lakin bu dəfə bu sənədin tərtib edilməsi ABŞ və Rusiya arasındakı münasibətlərin Soyuq müharibə illərindəki səviyyəyə qayıtdığı vaxta təsadüf edir. Bundan başqa son dörd ildə Rusiyanın Ukraynaya qarşı təcavüzü baş verib, Moskva 2016-cı ilin ABŞ prezident seçkisinə müdaxilədə ittiham edilir.

Ağ Evə gəldikdən bəri Trump Çini ədalətsiz ticarət üsullarında, Cənubi Çin dənizi hövzəsinin hərbiləşdirilməsində günahlandırır, habelə Pekini Şimali Koreyanın öz nüvə proqramından əl çəkməsi üçün ona real təzyiq göstərməyə çağırır.

Bu sənədin açıqlanmasından əvvəl Çinin Xarici İşlər Nazirliyi ümid etdiyini bildirirdi ki, “sənəd dünya sülhü və sabitliyinə töhfə verəcək və Çin-ABŞ münasibətlərində qarşılıqlı etimadın yaranmasına kömək edəcək”.

Dekabrın 12-də Trump-ın milli təhlükəsizlik müşaviri H.R. McMaster demişdi ki, “Rusiya və Çin beynəlxalq nizam və sabitliyi sarsıdır” və “öz qonşularının suveren hüquqlarına və qanunun alililiyi prinsipinə məhəl qoymurlar”.

McMaster deyib ki, Rusiya son illərdə “təxribat və dezinformasiyadan faydalanan yeni müharibə vasitələri yaradıb”. O qeyd etmişdi ki, Moskva kiberalətlərdən istifadə edərək “icmalarımız arasında bölücülük siyasəti yürüdür”.

McMaster habelə Rusiyanın Birləşmiş Ştatlarda prezident seçkisinə əlaqələndirilmiş müdaxiləsinə dair ABŞ kəşfiyyatının gəldiyi nəticələri yada salıb.

Putin və başqa Rusiya rəsmiləri Moskvanın ABŞ seçkisinə müdaxilə etdiyinə dair ittihamları rədd edirlər.

Putinin sözçüsü Dmitri Peskov dekabrın 13-də McMaster-in qeydlərini “son dərəcə və tamamilə yanlış” adlandırmışdı.

Rəsmilər deyirlər ki, ABŞ-ın yeni Təhlükəsizlik Strategiyası sənədinin hazırlanmasına McMaster və onun müavini Dina Powell rəhbərlik edib, lakin sənədin özü qlobal rəqabət eksperti Nadia Schadlow tərəfindən yazılıb. Xəbər verilir ki, Schadlow sənədin üzərində işlədiyi vaxtlarda prezident Donald Trump-la görüşüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun