ABŞ-ın BMT-dəki səfiri Nikki Haley deyib ki, İranın beynəlxalq öhdəliklərini pozmasına dair “təkzibolunmaz dəlil” təqdim edəcək.
Səfir bunu dekabrın 14-də Birləşmiş Ştatların BMT-dəki missiyasında keçirəcəyi mətbuat konfransında edəcəyini söyləyib.
Haley-nin sözlərinə görə, o, İranın “Yaxın Şərqdə və dünyanın başqa yerlərində sabitliyi pozan fəaliyyətini” müzakirə edəcək.
TƏHQİQATIN NƏTİCƏSİ BİRMƏNALI DEYİL
Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı İranı Yəməndəki husi yaraqlılarına silah göndərməkdə ittiham edir. Yaraqlılar iyulda və noyabrda Səudiyyə Ərəbistanına raket atıblar.
Haley BMT-nin Təhlükəsizlik Şurasını İranın Yəmən, Livan və Suriyadakı müttəfiqlərlə “qanunsuz silah sövdələşmələri”ylə bağlı sərt mövqe tutmağa çağırıb.
“Səfir Haley İranın beynəlxalq öhdəliklərini qəsdən pozması və bu pozuntuları ört-basdır edə bilməməsinə dair təkzibolunmaz dəlil ortaya qoyacaq”, – missiya bildirib.
Bu arada yayılan xəbərlərə görə, BMT-nin İranın Yəməndəki yaraqlılara iki raketi verib-verməməsinə dair araşdırması birmənalı nəticə əldə etməyib.
The Associated Press və Agence France-Press yazıblar ki, BMT əməkdaşları raketlərin qalıqlarını yoxlayıblar, “ümumi mənşə”li olduğunu bildiriblər, yəni raketlərin İrandan göndərilməsi barədə nəticəyə gəlməyiblər.
BAŞ KATİBİN MƏXFİ HESABATI
AP və AFP BMT-nin baş katibi Antonio Guterres-in BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi konfidensial hesabatın surətini əldə edib.
Frans Press yazıb ki, BMT ekspertlərindən ibarət daha bir komanda ötən ay Ər-Riyada səfər zamanı raket qalıqlarını araşdırıb, İranın Shahid Bagheri Industrial Group şirkətinə bağlılıq aşkarlayıb. Bu şirkət BMT-nin sanksiya siyahısındadır.
Guterres hesabatında qeyd edib ki, təhqiqatçılarən ikinci qrupu şirkətin loqosunu görüblər, amma hələ də informasiyanın təhliliylə məşğuldur, bir nəticəyə gəlməyiblər.
Guterres hesabatında bir ehtimala da toxunur – İran ola bilsin, 2015-ci il nüvə sazişinin maddəsini pozur. Həmin maddəyə görə, İran nüvə başlığı daşımağa qadir ballistik raket istehsal etməməlidir.